‘İBRUS’ TEATRI MOSKVADA MÖVSÜMÜ AÇMIŞDIR
Tanınmış yazıçı, dramaturq, ssenariçi, Azərbaycan və Rusiyanın Dövlət mükafatları laureatı, “Oskar” beynəlxalq mükafatını qazanmış Rüstəm İbrahimbəyovun 2000-ci ildə Moskvada yaratdığı “İbrus” yeganə Azərbaycan teatrı Rusiya paytaxtında yeni mövsümünü açmışdır. Mövsümün açılışı günü Rüstəm İbrahimbəyovun “Şirəbənzər” pyesi müəllifin özünün quruluşunda göstərilmişdir. Bir vaxtlar bu pyes Sovet İttifaqının onlarca teatrında çox böyük uğurla tamaşaya qoyulurdu, 2001-ci ilin yazında isə “İbrus” teatrında ilk tamaşası olmuşdur. Tamaşada Fuad Poladov, Fəxrəddin Manafov, Məbud Məhərrəmov, Sadıq Əhmədov, Şükufə Yusupova, Mehriban Zəki, Mələk Abbaszadə kimi tanınmış və vətənində sevilən Azərbaycan aktyorları oynayırlar. Moskvanın “Modern” teatrı salonunun güclə tutduğu sənətsevərlər arasında bu tamaşanın müvəffəqiyyəti sübut edir ki, insan qəlbini riqqətə gətirən, insan xarakterinə nüfuz edən əsər tamaşaçı tərəfindən həmişə rəğbət və məhəbbətlə qarşılanır. “İbrus” qeyri-adi teatrdır və iki şəhərə - Moskvaya və Bakıya mənsubdur, ona görə də qoşadillidir – onun truppasının əsasını təşkil edən Bakı teatrlarının aktyorları tamaşalarda Azərbaycan və rus dillərində oynayırlar. Bu yaradıcılıq kollektivini sevənləri qarşıda daha bir tamaşanın premyerası gözləyir – söhbət Rüstəm İbrahimbəyovun quruluş verdiyi ”Ara-sıra görüşlər üçün müqabil-tərəf axtarıram” adlı öz pyesi əsasında hazırlanan tamaşadan gedir. Qeyd etmək lazımdır ki, “İbrus”un teatr mövsümünün açılışı mədəniyyət və incəsənət məsələlərinə xüsusi diqqət yetirən Ümumrusiya Azərbaycan Konqresinin səyləri və dəstəyi sayəsində mümkün olmuşdur.