İçərişəhər nümunəsi: yaşayan irs və müasir şəhər inkişafı
Bakı, 13 may, AZƏRTAC
Bakı Fotoqrafiya Evində “Mədəni irsin şəhər inkişafında rolu: İçərişəhər – Yaşayan irs” adlı forum keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, memarlar, ekspertlər və digər rəsmi qonaqlar iştirak ediblər.
Əvvəlcə Dövlət Himninin səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin rəsmi hissəsində çıxış edən “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri Xəyyam Əsgərov mədəni irsin qorunmasının şəhərlərin davamlı inkişafında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, tarixi və mədəni irsin yaşadılması milli kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud İçərişəhərin Azərbaycanın zəngin tarixi-mədəni irsinin simvollarından biri olduğunu vurğulayıb. O, tarixi məkanların qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan nümayəndəliyinin rəhbəri Anna Soeve çıxışında mədəni irsin qorunmasının davamlı şəhər inkişafının əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. O bildirib ki, tarixi məkanların qorunması şəhərlərin sosial-mədəni kimliyinin saxlanılması və gələcək urban inkişafın balanslı şəkildə həyata keçirilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Forumda Milli Məclisin deputatları Nigar Məmmədova, Aydın Hüseynov, Elçin Mirzəbəyli, Müşfiq Cəfərov, Vüqar İskəndərov, “İMZA” İctimai Birliyinin beynəlxalq məsələlər üzrə sədr müavini Elnar Məmmədli və AzTV-nin İctimai-siyasi proqramlar departamentinin direktoru Tofiq Abbasov çıxış edərək forumun əhəmiyyətindən danışıblar.
Daha sonra “İMZA” İctimai Birliyinin layihə meneceri Samir Abdullayevin moderatorluğu ilə panel müzakirəsi keçirilib.
Forum çərçivəsində bədii hissə də təşkil olunub.