IDEA kampaniyası Balaxanı bərk məişət tullantılarının yandırılması zavoduna maarifləndirici tur təşkil etmişdir
Bakı, 15 noyabr (AZƏRTAC). Ölkəmizdə ətraf mühitə qayğı və ekoloji maarifləndirmə sahəsində bir çox layihələr həyata keçirən
IDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası (International Dialogue for Environmental Action)
hər ilin noyabrın 15-də dünyada qeyd olunan “Təkrar emal günü” ilə əlaqədar Balaxanı bərk məişət tullantılarının yandırılması zavoduna maarifləndirici tur təşkil etmişdir.
IDEA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, turun təşkil olunmasında məqsəd insanların, eləcə də müxtəlif sənaye, istehsal sahələrinin fəaliyyəti nəticəsində ətraf mühitə atılan tullantıların idarəçiliyi, onların təkrar emalı ilə bağlı mərhələlər haqqında gəncləri məlumatlandırmaq, eyni zamanda, onlarda ekoloji düşüncənin formalaşmasını və inkişafını təmin etməkdir. Bu isə öz növbəsində ekoloji maarifləndirmə işinə böyük töhfədir.
Bütün bunlarla yanaşı, gənclərə ölkəmizdə aparılan ekoloji layihələr haqqında geniş informasiya çatdırmaq, onların ekoloji sahədə bilik və bacarıqlarının artırılmasına yardım etmək və vaxtlarının səmərəli təşkilini təmin etmək maarifləndirici turun məqsədləri sırasında yer almışdır.
Tur iştirakçılarına gigiyenik qaydalara uyğun olunaraq xüsusi geyimlər təqdim olunmuşdur.
Balaxanı bərk məişət tullantılarının yandırılması zavodunun eksperti iştirakçılara tullantıların yandırılması və enerjiyə çevrilməsi prosesinin mərhələləri haqqında ətraflı məlumat vermiş, tullantıların idarə edilməsinin əhəmiyyəti və miqyası barədə onları maraqlandıran sualları cavablandırmışdır.
IDEA kampaniyası 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən yaradılmışdır.