“İdman jurnalistikası” magistr proqramına müraciətin müddəti uzadılıb
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni yaradılan ixtisaslara, o cümlədən ingilis dilli “İdman jurnalistikası” magistr proqramına 2018-2019-cu akademik dərs ili üçün müraciətin müddəti uzadılıb.
AZƏRTAC xəbər verir ki, proqrama olan maraq nəzərə alınaraq, magistr imtahanının birinci mərhələsindən minimum 50 bal toplayan namizədlər iyunun 1-dək “İdman jurnalistikası” magistr proqramına qəbul üçün müraciət edə bilərlər: http://bit.ly/asapesmedia. Magistr proqramına qəbul imtahanının ikinci mərhələsi Akademiya tərəfindən müsahibə formatında həyata keçiriləcək.
Qeyd edək ki, “İdman jurnalistikası” magistr ixtisasının yaradılmasında əsas məqsəd bu sahədə beynəlxalq səviyyədə rəqabətədavamlı kadrların yetişdirilməsidir. Təhsil proqramı Böyük Britaniyanın Şeffield Hallam Universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. “İdman jurnalistikası” proqramına media sahəsində tanınmış beynəlxalq ekspert Dan Mason rəhbərlik edir. Tədris prosesi ingilis dilində, beynəlxalq təcrübəyə malik yerli və ya xarici mütəxəssislər tərəfindən həyata keçirilir. Bununla yanaşı, “İdman jurnalistikası” ixtisasına qəbul olunan magistrlər proqram çərçivəsində Böyük Britaniyaya səfər edəcək, əsas təlim modullardan birini Şeffield Hallam Universitetində keçəcəklər.