İdmançılar Dövlət Təhlükəsizlik Xidmətinin “Şöhrət” muzeyini ziyarət edib
Bakı, 26 aprel, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə bir qrup tanınmış məşqçi və idmançı Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinə ekskursiya edib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, ziyarətçilər əvvəlcə Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad edərək, dahi rəhbərin abidəsi önünə gül dəstələri qoyublar.
Sonra “Şöhrət” muzeyində dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat yolunu və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanışlıq olub.
Qeyd edək ki, “Şöhrət” muzeyinin eksponat və stendlərində olan nadir sənədlər, arxiv materialları ümummilli lider Heydər Əliyevin ömür yolunu, xalqımızın tarixində və taleyində oynadığı misilsiz rolu, o cümlədən həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı iş dövrünü, onun şəxsən həyata keçirdiyi və peşəkarlıq zirvəsinin nümunələri olan əməliyyatlar haqqında məlumatları əks etdirir.