İkinci Dünya müharibəsi tarixinin aktual problemlərinin öyrənilməsi üçün qiymətli mənbə
Bakı, 22 may, AZƏRTAC
İkinci Dünya müharibəsində Böyük Qələbənin al bayrağının məğlub edilmiş reyxstaq üzərində dalğalandığı gündən 70 ildən çox keçir. Dünya tarixində sovet xalqının XX əsrin qəhvəyi taununa - Hitler faşizminə qarşı öz miqyasına və amansızlığına görə misli görünməyən müharibəsi belə başa çatıb. Azərbaycan xalqı məkrli düşmən üzərində qələbə işinə SSRİ-nin bütün xalqları ilə birlikdə layiqli töhfə verib.
Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynovanın və tarix elmləri doktoru, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin professoru Nurulla Əliyevin “İkinci Dünya müharibəsi dövründə (1939-1945) Azərbaycan və Qafqaz-Xəzər regionu” adlı monoqrafiyası bu sözlərlə açılır. Monoqrafiya İkinci Dünya müharibəsinin başlamasının 80 illiyinə və 1941-1945-ci illərdə Böyük Qələbənin 75 illiyinə həsr olunub.
İki fəsildən ibarət kitabda İkinci Dünya müharibəsi dövründə Qafqaz-Xəzər regionunda və Azərbaycan ərazisində baş verən hərbi-tarixi hadisələrdən söhbət açılır. Əsər Qafqaz-Xəzər regionu, xüsusən də SSRİ-nin əsas neft rayonları və ilk növbədə zirehli tank və aviasiya birləşmələrinin yanacaqla təmin edilməsi üçün Sovet İttifaqı neftinin üçdə iki hissəsini, özü də yüksək keyfiyyətli neft verən Bakı üzərində nəzarəti ələ keçirmək uğrunda geosiyasi rəqabət tarixinin tədqiqinə həsr olunub. Kitabda sırf hərbi strateji məqsədlərin hərbi iqtisadi məqsədlərlə sıx çulğalaşdığı İkinci Dünya müharibəsi ərəfəsində və dövründə əsas iştirakçıların başlıca məqsəd və niyyətləri kompleks şəkildə işıqlandırılıb. Regionun artmaqda olan əhəmiyyəti göstərilib, bu proseslərdə Azərbaycanın mühüm yeri açıqlanıb.
Monoqrafiyada 1941-1945-ci illər müharibəsində Sovet İttifaqının qələbəsinə Azərbaycanın töhfəsi, Qafqaz-Xəzər regionunun müdafiəsində onun müstəsna rolu məsələlərinə xeyli yer verilib, Sovet İttifaqının işğal edilmiş ərazilərində partizan hərəkatında, habelə Avropa Müqavimət Hərəkatında azərbaycanlıların iştirakı barədə məlumat verilib.
Kitabda müharibələrarası dövrdə Azərbaycan və Qafqaz-Xəzər regionu, İkinci Dünya müharibəsi dövründə Qafqaz-Xəzər regionuna münasibətdə İngiltərə-Fransa hərbi strateji planları, Qafqaz-Xəzər regionu və Almaniyanın hərbi-strateji planları, Qafqaz-Xəzər regionunun müdafiəsində, İkinci Dünya müharibəsi illərində ordunun və cəbhənin təmin edilməsində Azərbaycanın rolu, Azərbaycanın Xəzər regionunun hərbi-dəniz müdafiəsinə töhfəsi məsələləri nəzərdən keçirilib.
“İkinci Dünya müharibəsi dövründə (1939-1945) Azərbaycan və Qafqaz-Xəzər regionu” kitabı tarix, beynəlxalq münasibətlər, qafqazşünaslıq sahəsində müəllim və mütəxəssislər, doktorantlar, adyunktlar, tələbələr, kursantlar, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Bu monoqrafiya İkinci Dünya müharibəsi tarixinin aktual problemlərinin öyrənilməsi üçün qiymətli mənbə və milli istorioqrafiyanın inkişafına sanballı töhfədir.