İKT SAHƏSİNDƏ APARICI ŞİRKƏTLƏRDƏN OLAN “3COM” AZƏRBAYCAN BAZARINA MARAQ GÖSTƏRİR
Şirkətin ölkəmizdəki tərəfdaşı “Caspel”in baş meneceri Mübariz Piriyev bildirmişdir ki, MDB məkanında Azərbaycan Ukraynadan sonra “3COM”-un yerli şirkəti təmsilçisi seçərək, biznesinin yeni modelini tətbiq etdiyi ikinci ölkədir.
Azərbaycanın postsovet respublikaları arasında ən dinamik inkişaf edən və sabit iqtisadiyyata malik ölkələrdən biri olduğunu vurğulayan “3COM”-un MDB ölkələri üzrə nümayəndəliyinin rəhbəri Aleksandr Çub, “Caspel” şirkətinin vasitəsilə yerli bazarda daha yaxşı təmsil olunacaqlarına inamını bildirmişdir.
Məlumat verilmişdir ki, bu iki şirkət arasında əldə olunmuş razılığa əsasən, “Caspel” Azərbaycanda “3COM”-un maraqlarını təmsil edəcək, müxtəlif layihələrin icrasını təmin edəcəkdir. Bu layihələr Azərbaycan Prezidentinin 2005-ci il 21 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan)” çərçivəsində həyata keçiriləcəkdir.