İlahiyyat İnstitutunun kollektivi Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olub
Qəbələ, 13 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun kollektivi Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edib, ərazidə yerləşən Arxeoloji Mərkəzlə tanış olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qoruğun direktoru Zahir Kərimov məlumat verib.
İnstitutun müəllim və tələbələri Qoruğun tarixi məkanlarından Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə tanış olublar. Qonaqlar Qəbələ Arxeoloji Ekspedisiyasının burada apardığı arxeoloji qazıntılar, aşkar olunan tapıntılar barədə ətraflı məlumatlandırılıblar.
İnstitutun müəllim və tələbələri sonra Qəbələ Arxeoloji Mərkəzdə sərgilənən arxeoloji materiallarla tanış olublar. Məlumat verilib ki, Arxeoloji Mərkəz şəhərin tarixi keçmişini və bu gününü öyrənmək, qoruyub saxlayaraq gələcək nəsillərə çatdırmaq baxımından əvəzedilməz bir məkandır. Bura, eyni zamanda, elmi-tədqiqat mərkəzi kimi də fəaliyyət göstərir. Arxeoloji Mərkəz iki sərgi salonu (muzey), müasir tipli bərpa laboratoriyası, konfrans zalı, kitabxana, arxeoloji fond və yardımçı otaqlardan ibarətdir. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri qeydiyyata alınaraq mərkəzin fonduna təhvil verilir və sərgi salonunda ziyarətçilərə nümayiş etdirilir.
Qonaqlara SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə nəşr olunmuş Qəbələnin tarixi, etnoqrafiyası və folkloru barədə kitab toplusu barədə də geniş məlumat verilib.
Qonaqlar Arxeoloji Mərkəzin həyətində təşkil edilən ağacəkmə aksiyasında da iştirak edib, xatirə şəkilləri çəkdiriblər.