İlhan İşbaş: Azərbaycan Avropanın enerji strategiyasında açar ölkəyə və Avrasiyanın mühüm geoiqtisadi mərkəzinə çevrilib
Bakı, 15 may, AZƏRTAC
Azərbaycanın son illərdə həyata keçirdiyi məqsədyönlü siyasət ölkənin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirib. Bakı həm enerji təhlükəsizliyi, həm nəqliyyat-logistika imkanları, həm də regional sabitliyə verdiyi töhfələrlə qlobal miqyasda diqqət mərkəzinə çevrilib. Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsində inkişaf edir. Tərəflər arasında fəaliyyət göstərən nəqliyyat dialoqu, enerji təhlükəsizliyi dialoqu və təhlükəsizlik dialoqu əməkdaşlığın əsas istiqamətlərini təşkil edir.
Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı türkiyəli iqtisadçı-ekspert İlhan İşbaş bildirib.
Onun sözlərinə görə, Avropa ölkələri son illərdə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində yeni yanaşmalar tətbiq etməyə başlayıb.
“Xüsusilə enerji təchizatında alternativ mənbələrin və marşrutların tapılması prioritet məsələyə çevrilib. Belə bir şəraitdə Azərbaycanın etibarlı tərəfdaş kimi ön plana çıxması təsadüfi deyil. Azərbaycan uzun illərdir enerji sahəsində bütün beynəlxalq öhdəliklərini tam şəkildə yerinə yetirib və etibarlı tərəfdaş imici formalaşdırıb. Beynəlxalq enerji bazarında etibarlılıq ən vacib faktorlardan biridir və Azərbaycan bu baxımdan nümunəvi mövqeyə sahibdir. Cənub Qaz Dəhlizi layihəsi Avrasiyanın enerji xəritəsini dəyişdirən ən mühüm strateji təşəbbüslərdən biridir. Azərbaycan enerji siyasətində uzunmüddətli tərəfdaşlıq və qarşılıqlı fayda prinsipinə əsaslanır. Bu yanaşma ölkənin beynəlxalq nüfuzunu daha da artırır. Bakı heç vaxt enerji resurslarından siyasi təzyiq vasitəsi kimi istifadə etməyib və bu amil Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunmasında mühüm rol oynayıb. Azərbaycanın enerji strategiyası artıq yalnız neft və qaz ixracı ilə məhdudlaşmır. Ölkə alternativ və bərpaolunan enerji sahəsində də mühüm layihələr həyata keçirir. Xüsusilə Xəzər dənizində böyük külək enerjisi potensialının mövcudluğu Azərbaycanın gələcəkdə yaşıl enerji sahəsində də əsas tərəfdaşlardan birinə çevriləcəyini göstərir”, - deyə İlhan İşbaş bildirib.
Ekspert qeyd edib ki, Avropa İttifaqının yaşıl enerji keçidi siyasəti Azərbaycan ilə əməkdaşlıq üçün yeni perspektivlər yaradır. Onun fikrincə, yaxın illərdə Azərbaycan yalnız qaz təchizatçısı deyil, həm də yaşıl enerji ixrac edən ölkə kimi Avropa bazarında mühüm rol oynayacaq.
Türkiyəli ekspert vurğulayıb ki, Azərbaycanın nəqliyyat-logistika imkanları da ölkənin beynəlxalq mövqeyini gücləndirən əsas amillərdəndir. Xüsusilə Orta Dəhlizin əhəmiyyətinin artması Azərbaycanın geoiqtisadi rolunu daha da ön plana çıxarıb. Çin ilə Avropa arasında ticarət əlaqələrinin genişlənməsi fonunda Azərbaycan əsas tranzit ölkələrdən biri kimi çıxış edir.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər müasir logistika layihələri Avrasiyada yeni nəqliyyat xəritəsinin formalaşmasına mühüm töhfə verir: “Bu layihələr yükdaşımaların daha sürətli, təhlükəsiz və iqtisadi cəhətdən səmərəli həyata keçirilməsinə imkan yaradır. Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəni Şərq ilə Qərb arasında strateji körpüyə çevirib. Beynəlxalq ticarət marşrutlarının yenidən formalaşdığı indiki mərhələdə Azərbaycanın rolu daha da artacaq və ölkə Avrasiyanın əsas logistika mərkəzlərindən birinə çevriləcək. Azərbaycan regional təhlükəsizlik və sabitlik məsələlərində də mühüm rol oynayır. Bakı regionda qarşılıqlı əməkdaşlıq və iqtisadi inteqrasiya siyasətini təşviq edir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələr region ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsinə və sabitliyin möhkəmlənməsinə xidmət edir”.
İlhan İşbaşın fikrincə, Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı regionun geosiyasi və geoiqtisadi gələcəyini müəyyən edən əsas amillərdən biridir. İki qardaş ölkənin birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələri Avrasiyanın iqtisadi xəritəsində yeni reallıqlar formalaşdırıb. Bakı ilə Ankara arasında koordinasiyalı əməkdaşlıq həm regional, həm də qlobal iqtisadi təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır.