İlk dəfə səs verəcək salyanlı gənclər seçki qaydaları haqqında maarifləndiriliblər
Bakı, 4 fevral, AZƏRTAC
Salyan Rayon Gənclər və İdman İdarəsi parlament seçkilərində ilk dəfə səs verəcək gənc seçicilərlə görüş təşkil edib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, görüşün məqsədi gənclərin seçkilərdə fəallığının təmin edilməsi, ilk dəfə səs verəcək gənclərin seçki qaydaları ilə bağlı maarifləndirilməsi və gənclər arasında seçki qaydalarının təbliği olub.
Salyan Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov bildirib ki, seçkilər günü 18 yaşı tamam olan və ya 18-dən çox olan Azərbaycan vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə seçkilərdə iştirak etmək hüququ var.
Salyan rayon ağsaqqallar şurasının üzvü Elman Hacıyev, Azərbaycan Yazıçılar Birliyinin Muğan regional bölməsinin sədri Nəbi İbrahimov səsvermədə ilk dəfə iştirak edəcək gənclərin maarifləndirilməsinin, onların seçki prosesi haqqında ətraflı məlumatlandırılmasının əhəmiyyəti barədə danışıblar.
Görüşdə seçki hüququndan düzgün istifadə, səsvermə qaydaları barədə məlumat verilib, gənc seçiciləri maraqlandıran suallar cavablandırılıb.