İLK NƏTİCƏLƏR “AZƏRBAYCANIN KƏND İNVESTİSİYALARI” LAYİHƏSİNİN SƏMƏRƏLİ OLDUĞUNU GÖSTƏRİR
AZƏRTAC xəbər verir ki, layihə dörd il üçün nəzərdə tutulub və bu müddət ərzində Naxçıvan və Aran iqtisadi rayonlarındakı 24 rayonun infrastrukturu yaxşılaşdırılmalıdır. 450 kənd icması üçün nəzərdə tutulan 21,1 milyon dollar vəsait əhalinin yaşayış səviyyəsini, fermerlərin fəaliyyətinin səmərəliliyini artırmaqla bağlı mikrolayihələrin gerçəkləşdirilməsinə yönəldiləcəkdir.
Layihənin icrası üzrə işçi qrupun direktor müavini Gülbəniz Qəmbərova demişdir ki, layihənin həyata keçirilməsinə Dünya Bankının, Azərbaycan və Yaponiya hökumətlərinin maliyyə dəstəyi ilə iki il əvvəl başlanmışdır. Bu müddət ərzində iqtisadi özünüidarə prosesinə 180 icma cəlb olunmuş, ümumən 1,175 milyon dollar məbləğində qrantların paylanmasında 85 mindən çox adam iştirak etmişdir. Təxminən 30 infrastruktur layihəsi həyata keçirilmiş, məşğələ və seminarlar təşkil olunmuşdur.
“Azərbaycanın kənd investisiyaları” layihəsi çərçivəsində işlər 2009-cu ilədək davam edəcəkdir. Həmin müddətdə infrastruktur layihələrinin sayı 400-ə çatdırılacaqdır ki, bu da 20 rayonun kənd sakinlərinə bir çox problemlərin həllində kömək göstərəcəkdir. Gələn il yanvarın 7-8-də Saatlıda təcrübə mübadiləsi aparmaq məqsədi ilə kənd icmalarının birinci konfransı keçiriləcəkdir.