İmamverdi Həmidov: Multikulturalizm siyasətinin uğurları beynəlxalq səviyyədə tanınır

Bakı, 21 may, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hazırda folklor və folklorşünaslığa həsr olunmuş tədbir reallaşdırılır. Bu tədbir ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətinin əhəmiyyətini və verdiyi müsbət nəticələri bir daha nümayiş etdirir. Belə tədbirlər Azərbaycanın çoxmillətli cəmiyyətindəki mədəni müxtəlifliyin tanıdılması və təbliğində mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Talış icmasının ağsaqqalı professor İmamverdi Həmidov jurnalistlərə açıqlamasında söyləyib.
Professor qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizm siyasəti ölkədə yaşayan milli azlıqlar arasında qarşılıqlı hörmətin və həmrəyliyin möhkəmlənməsinə səbəb olub. Bu siyasət çərçivəsində fəaliyyət göstərən icmalar, o cümlədən Talış icması da Multikulturalizm Mərkəzinin dəstəyi ilə öz fəaliyyətini uğurla davam etdirir. O, multikulturalizm siyasətinin uğurlarının beynəlxalq səviyyədə tanındığını vurğulayıb.
Talış icmasının fəaliyyəti barədə danışan İ.Həmidov bildirib ki, icma üzvləri uzun illər ərzində folklor, poeziya və nəsr sahələrində dəyərli nəşrlərlə çıxış ediblər. Xüsusilə XX əsrin 30-cu illərindən etibarən ziyalı Zülfüqar Əhmədzadənin başladığı mədəni irsə sahib çıxmaq işi bu gün də davam etdirilir. “Xalqımızın mədəni irsi, poeziyası, nəsri və qəzet nəşrləri artıq kitab formatında geniş ictimaiyyətə təqdim olunur. Müstəqillik dövründə bir çox tanınmış talış ziyalıları yetişib və onların yaradıcılığı Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. Bu zəngin irsin təbliği bizim üçün olduqca önəmlidir və bu istiqamətdə işlər uğurla davam edir”, – deyə professor vurğulayıb.
Professor, həmçinin planlaşdırılan işlər barədə məlumat verib: “Hazırda mədəniyyət sahəsində yeni təqdimatlara və nəşrlərə hazırlaşırıq. Elmi tədqiqatlarla yanaşı, geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş əsərlər üzərində də iş aparılır”.