İmişlidə çörək emalı müəssisəsinin rəhbəri inzibati məsuliyyətə cəlb olunub
İmişli, 9 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonu, Ə.Həmidov küçəsində fəaliyyət göstərən, Şirinov Fuad Həmid oğluna məxsus çörək emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı nöqsanlar aşkarlanıb.
AQTA-dan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, müəssisədə temperaturun monitorinqi və qeydiyyatı aparılmır, havalandırma sistemi quraşdırılmayıb, xam mal anbarında unlar divardan ara məsafə gözlənilmədən saxlanılır. Eləcə də emal prosesində istifadə edilən avadanlıqlar təmiz saxlanılmır, divarlar qaralıb, döşəmə çirkli vəziyyətdədir, işçilər xüsusi geyimlə təmin edilməyib, müvafiq təmizlik işləri görülmür və digər tələblər pozulub.
Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.