İMİŞLİDƏ MƏHSUL İSTEHSALI ARTMIŞDIR
AZƏRTAC xəbər verir ki, İmişli Rayon İcra Hakimiyyətində 2006-cı ilin yekunları ilə bağlı geniş müşavirə keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin İmişli şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, ulu öndərin xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
İcra hakimiyyətinin başçısı Əbülfəz Ağayevin hesabat məruzəsində qeyd olunmuşdur ki, 2006-cı ildə rayonda iqtisadiyyatın əsas sahələri üzrə 116,6 milyon manatlıq məhsul istehsal olunmuş və xidmət göstərilmişdir. Məhsul istehsalı əvvəlki ilə nisbətən 49,6 milyon manat və ya 73,9 faiz artmışdır. Bu artım əsasən şəkər zavodunun fəaliyyəti ilə əlaqədardır. Zavodda 46,9 milyon manatlıq məhsul istehsal edilmiş, istehlaka 103,5 min ton şəkər tozu göndərilmişdir. Sənaye məhsullarının 96,8 faizi qeyri-dövlət sektorunun payına düşür.
Məlumat verilmişdir ki, hesabat dövründə Broyler fabriki, “Yağ-pendir” və “Taleh” açıq tipli səhmdar cəmiyyətlərinin fəaliyyəti genişləndirilmiş, regional aqroservis və təchizat bazası yaradılmışdır. İqtisadiyyatın və sosial sahənin inkişafına 26,3 milyon manat məbləğində investisiya qoyulmuşdur ki, bu da 2005-ci illə müqayisədə 2,1 dəfə çoxdur. Təkcə “MKT İstehsal Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 8500 yerlik şəhər stadionunun tikintisinə 3,1 milyon manat vəsait xərclənmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq, ötən il rayonda 8707 iş yeri yaradılmışdır.
Məruzə ətrafında müzakirələrdə çıxış edənlər diqqəti həllini gözləyən məsələlərə yönəltmişlər.
Kənd təsərrüfatı naziri İsmət Abasov çıxışında qarşıda duran vəzifələri vurğulamışdır.
Respublika Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.
Müşavirədə Prezidentin İcra Aparatının məsul işçisi Tağı Tağıyev iştirak etmişdir.