İmişlidə Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
İmişli, 9 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə 8 Noyabr - Zəfər Gününə həsr edilən tədbir keçirilib. Tədbirdə Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələri ilə yanaşı, İmişli Rayon İcra Hakimiyyətinin, YAP İmişli rayon təşkilatının, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi və rayon Şəhidlər xiyabanı ziyarət olunub.
Tədbir çərçivəsində İmişli Rayon Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən hazırlanan rəsm əsərləri və əl işlərindən ibarət sərgi nümayiş olunub. Sonra Dövlət Himni səsləndirilib və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə sarsılmaz Qələbəmizin tarixi əhəmiyyətindən söz açılıb, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində keçdiyi şərəfli yolun gənc nəslə çatdırılması istiqamətində görülən işlərdən danışılıb. Mədəniyyət və incəsənət işçilərinin ifasında davam etdirilən tədbirdə ədəbi bədii kompozisiyalar nümayiş olunub.
Həmçinin İmişli rayonu ərazisində Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.