İmişlidə zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edənlərdən 60 nəfəri evə buraxılıb
İmişli, 26 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Sentyabrın 24-də saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 74 nəfər (8-i uşaq olmaqla 35-i kişi, 4-ü uşaq olmaqla 39-u qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
İmişli Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən 5 nəfər (2-si kişi, 3-ü qadın) Kliniki Tibbi Mərkəzə təxliyə edilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 56 nəfər (26-sı qadın, 30-u kişi) ambulator müalicə üçün evə buraxılıb. 4 nəfər isə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.
Vəziyyətləri stabil qiymətləndirilən digər 9 nəfərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.
Qeyd edək ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yaşayış evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Faktla bağlı araşdırma aparılır.