İndoneziyada Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbirlər davam edir
Cakarta, 7 mart, AZƏRTAC
İndoneziyada Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan tədbirlər davam edir. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bu ölkənin Məhəmmədiyyə Tələbələr Assosiasiyasının təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Assosiasiyaya üzv olan müxtəlif universitetlərdən 150 tələbə iştirak edib.
Əvvəlcə Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev çıxış edib, sonra “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub.
İndoneziyanın vitse-prezidentinin mətbuat katibi Hüseyn Abdulla, Məhəmmədiyyə qeyri-hökumət təşkilatının baş katibi Abdul Muti, İƏT Gənclər Təşkilatının prezidenti Tantan Tofiq Lubis, İndoneziya Elmlər İnstitutunun üzvü Əhməd Nəcib Burhani müzakirələr panelində çıxış edərək Ermənistanın Azərbaycana qarşı təcavüzündən danışıblar. Natiqlər Ermənistanın Azərbaycana qarşı təcavüzünü qəti surətdə pisləyiblər.
Tədbir yerli mətbuatda geniş işıqlandırılıb.
Qeyd edək ki, İndoneziyanın “Məhəmmədiyyə” İslam dini ictimai təşkilatı 45 milyondan artıq daimi üzvə, 130-dan çox universitetə, 6 minə yaxın məktəb və mədrəsəyə, həmçinin qeyri-kommersiya tibb klinikalarına və xəstəxanalara malik olmaqla, miqyasına və fəaliyyət sahələrinə görə dünyada ikinci ən böyük dini-ictimai qeyri-hökumət təşkilatıdır.
Bundan əlavə, İndoneziyanın “Şarif Hidayətullah Dövlət İslam Universiteti”nin sosial elmlər-beynəlxalq əlaqələr fakültəsində də Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta