“İnforma” şirkətinin baş məsləhətçisi olan həmyerlimiz Genetik Ehtiyatlar İnstitutunda çıxış edib
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda (GEİ) növbəti seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Londonun səhiyyə üzrə informasiya bazalarının dünya miqyaslı təqdimatçısı olan “İnforma” şirkətinin baş məsləhətçisi Günel Hüseynova çıxış edib. Seminarda GEİ-nin əməkdaşları G.Hüseynovanın Böyük Britaniyadakı səhiyyə üzrə elmi fəaliyyəti ilə tanış olub, institutun elmi strateji istiqamətləri haqqında fikir mübadiləsi aparılıb və mümkün əməkdaşlıq sahələri müəyyənləşdirilib.
G.Hüseynova Britaniyada öyrəndiyi elmi metodologiyaları seminar iştirakçıları ilə paylaşıb, genetika sahəsində baş verən son yeniliklər barədə məlumat verib və genetikanın böyük əczaçılıq şirkətlərinin apardığı klinik tədqiqatların istiqamətinə təsirlərindən danışıb. Eyni zamanda, seminarda Britaniya universitetləri ilə GEİ arasında əməkdaşlıq əlaqələrinin yaradılması, tələbə mübadiləsi, gələcək seminar və vebinarların təşkili də müzakirə olunub.
Qeyd edək ki, G.Hüseynova 2000-2006-ci illərdə Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra bu ali təhsil ocağının biokimya kafedrasında aspirantura səviyyəsində şəkərli diabet üzrə tədqiqat apararaq məqalələr yazıb. Azərbaycanda biologiya üzrə fəlsəfə elmləri namizədi ali dərəcəsi aldıqdan sonra genetika sahəsi ilə bağlı fəaliyyətini son 8 ildə Böyük Britaniyada davam etdirib.
G.Hüseynova Qlazqo Universitetində tibbi genetika üzrə magistr səviyyəsində daun xəstəliyinin diaqnostikası üçün yeni nəsil sekvenserlərinin istifadəsi ilə bağlı tədqiqat aparıb. Tədqiqat nəticəsində yeni diaqnostik metodun xəstələrə və Böyük Britaniyanın səhiyyə sistemi büdcəsinə yararlılığı müzakirə olunub. Bu diaqnostik metod bir neçə il sonra Britaniyanın bütün xəstəxanalarında istifadə olunmağa başlanıb. Daha sonra G.Hüseynova Kembric Universitetinin genetika kafedrasında PhD səviyyəsində irsi poliqlutamin xəstəliklərində yeni genlərin aşkarlanması üzrə tədqiqatla məşğul olub, huntinqton xəstəliyinin patologiyasında rol oynayan 8 yeni gen kəşf edib. Bu elmi-tədqiqat işi çox böyük həcmli bir layihənin başlanğıc mərhələsi olmaqla kliniki mərhələdə davam etdirilir.
Hazırda G.Hüseynova “İnforma” şirkətinin məsul əməkdaşı kimi böyük əczaçılıq şirkətlərinə və səhiyyə sahəsinə milyonlarla investisiya qoyan müəssisələrə çox önəmli elmi-tədqiqat və biznes qərarlarının qəbul olunmasında məsləhətlər verir.