İnformasiya Texnologiyaları Universiteti ABŞ universitetləri ilə əməkdaşlıq edəcəkdir
Bakı, 14 noyabr (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində ABŞ-ın Arizona ştatının qanunvericilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Beynəlxalq əlaqələr və qeyri-dövlət qurumları ilə iş şöbəsinin müdiri Ayaz Bayramov son 10 ildə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində görülən işlərlə bağlı məlumat vermişdir. Həmçinin, informasiya texnologiyaları sahəsinin sürətlə inkişaf etdiyini, bir sıra iri layihələrin həyata keçirildiyini, onların da bəzilərinin digər ölkələrdə nümunə kimi istifadə olunduğunu qeyd etmişdir. Şöbə müdiri ölkədə “Yüksək Texnologiyalar Parkı”nın, İnformasiya Texnologiyaları Universitetinin (İTU), İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradıldığını diqqətə çatdırmışdır.
A.Bayramov Azərbaycan şirkətlərinin Amerikanın İKT şirkətləri ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayaraq bu ilin dekabr ayında ABŞ-Azərbaycan İKT forumunun keçiriləcəyini diqqətə çatdırmışdır.
İki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını deyən senator Don Şuter ştatın Arizona Dövlət Universiteti ilə İTU arasında əlaqələrin yaradılmasının uğurlu nəticələr verəcəyinə əminliyini ifadə etmişdir.