CƏMİYYƏT
“İnkulturasiya və akkulturasiya” beynəlxalq proqramları üzrə keçirilən tədbirdə geniş müzakirələr aparılmışdır
![“İnkulturasiya və akkulturasiya” beynəlxalq proqramları üzrə keçirilən tədbirdə geniş müzakirələr aparılmışdır](/files/2013/3/1200x630/14071451205416227949_1200x630.jpg)
Bakı, 11 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası və Kulturologiya Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Workshop” noyabrın 11-də işi davam etdirmişdir.
Gənclər fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “İnkulturasiya və akkulturasiya” beynəlxalq proqramları üzrə keçirilən tədbirdə “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq-professor Fuad Məmmədovun “Kulturologiya və insan inkişafı” mövzusunda təqdimatı olmuş, Kulturologiya Mərkəzinin eksperti Tamerlan Dəmirbəylinin “İntelektual kapital və bilik menecerləri” mövzusunda ustad dərsi keçirmişdir. Tədbirdə həmçinin, “Avropa, Asiya və Amerikada intellektual mədəniyyət” adlı video materiala baxış olmuş, mövzu ətrafında geniş müzakirələr aparılmışdır.
İlk işçi günü “Biliyə əsaslanan iqtisadiyyat və bilik menecmenti” mövzusunda “fokus-qrup” ilə yekunlaşmışdır.
Tədbir 3 gün ərzində davam edəcəkdir. Dekabr ayında keçiriləcək “Akkulturasiya” üzrə hesabat-konfransda isə Workshop-un işinə yekun vurulacaqdır.
Bu tədbir “İnkulturasiya və akkulturasiya” beynəlxalq proqramları üzrə gənclər üçün “Workshop” layihəsi çərçivəsində reallaşdırılır. Bununla bağlı layihə rəhbəri Tamerlan Dəmirbəyli qeyd etmişdir ki, layihənin məqsədi biliyə əsaslanan cəmiyyətin əsasını təşkil edən intellektual mədəniyyətin inkişafı üçün gənclərə universal kulturoloji biliklərin öyrədilməsindən və dövlətin prioritet hesab etdiyi “qara qızılın insan qızılına çevrilməsi” prinsipinə uyğun olaraq ölkəmizin strateji inkişafı üçün bilik menecerlərinin formalaşdırılmasına, biliyə əsaslanan iqtisadiyyatın qurulmasına töhfə verə biləcək gənc mütəxəssislərin hazırlanmasından ibarətdir.
Azərbaycan Gənclər Fondunun maliyyə yardımı ilə oktyabr ayında start verilən layihə çərçivəsində artıq “Kulturoloji layihələrin idarəolunması”, “Kulturologiya və milli inkişaf” mövzularında seminar-treninqlər keçirilmiş, gənc yazarların özünüifadəsi üçün kulturoloji nəşrlər dərc olunmuşdur.
Layihə dekabrda başa çatacaqdır.