İQTİSADİYYAT
“İnnovasiya həftəsi” çərçivəsində keçirilən “Hackathon” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkil etdiyi “Hackathon-AzIn 2018” müsabiqəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Yüksək Texnologiyalar Parkının dəstəyi ilə keçirilən tədbirdə “Şəkil tanıma texnologiyası üzrə veb tətbiqetmənin hazırlanması” mövzusu əhatə edilib.
Müsabiqə üç mərhələdən ibarət olub. “Hackathon”un birinci mərhələsi “AzInTelecom” tərəfindən iştirakçılara mövzu ilə bağlı müvafiq tapşırığın verilməsi ilə başlayıb. Yarışın ikinci mərhələsində iştirakçılar tapşırığın proqramlaşdırma və təqdimatı üzərində işləyiblər. Bu gün keçirilən üçüncü mərhələdə isə verilən tapşırıqların icrası qiymətləndirilərək yarışın qalibi seçilib.
Proqramçıların iki gün ardıcıl davam edən bu yarışmasında “Dostlar” komandası qalib gəlib. İkinci yeri “Express”, üçüncü yeri isə “MI learning” komandaları tutublar. Qalib komandaya 5 min, ikinci yer 3 min, üçüncü yerin sahiblərinə isə 1000 manat məbləğində pul mükafatları və müsabiqənin sponsorlarından dəyərli hədiyyələr təqdim edilib.
Məlumat üçün bildirək ki, təqdim olunan həllərin qiymətləndirilməsində məntiq, dizayn, funksionallıq və innovativlik kimi kriteriyalar nəzərə alınıb.
Qeyd edək ki, “Azercell”, “Risk”, “Bestcomp”, “İl Patio” və “Huawei” şirkətlərinin baş sponsorluğu ilə keçirilən "Hackathon-AzIn 2018" bir çox mütəxəssislər üçün özünü tanıtmaq, layihəsini təqdim etmək, eləcə də investor və şirkətlər üçün istedadlı gəncləri öz komandalarına cəlb etmək kimi imkanlar yaradıb.
Xatırladaq ki, “Hackathon” ortaq fikrə sahib insanların komanda şəklində çalışaraq öz innovativ fikirlərini koda çevirməsidir. Bu müsabiqə zamanı iştirakçılar 24-48 saat müddətində verilən tapşırıq üzrə yeni həll müəyyən etmək və onu təqdim etmək üçün bir araya gəlirlər.