“İnsultun Reabilitasiyası Modul-1” adlı elmi-praktik konfrans keçirilib
Bakı, 12 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu (ETTBİ) və Azərbaycan Tibb Universitetinin (ATU) birgə təşkilatçılığı, Azərbaycan Fizioterapiya və Reabilitasiya Assosiasiyası və Milli Nevroloqlar Assosiasiyasının dəstəyi ilə “İnsultun Reabilitasiyası Modul-1” adlı elmi-praktik konfrans keçirilib.
AZƏRTAC Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, konfransın təşkilində məqsəd tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, bu sahədə onları müasir yeniliklərlə tanış etmək olub.
Konfransda Eskişehir Osmangazi Universitetinin professoru Serhat Özkan, Varşava Psixiatriya və Nevrologiya İnstitutunun nümayəndəsi İvona Sarzinska-Dlugosz, Avropa İnsult Təşkilatının (ESO) Reabilitasiya Departamentinin sədri Aksel Kohlmetz məruzəçi qismində iştirak ediblər.
Sonda konfrans iştirakçıları sertifikat və davamlı tibbi təhsil (DTT) kredit balları ilə təltif olunub.