ELM VƏ TƏHSİL
İnzibati rəhbər vəzifələr üzrə imtahanda iştirak etmiş namizədlər haqqında statistik göstəricilər açıqlanıb
Bakı, 30 yanvar, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AA, AB və AC qrupları üzrə dövlət qulluğuna yanvarın 25-də keçirilmiş qəbul imtahanına dair statistik göstəriciləri açıqlayıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 53 nəfəri kişi, 18 nəfəri qadın olub. Qeydiyyatdan keçən namizədlərdən 53 nəfər 20-39 yaş intervalında olanlardır. Onlardan 23 nəfər imtahanda uğur qazanıb. Daha yuxarı yaş qrupuna aid olan 18 nəfərdən 1 nəfər lazımi nəticəni toplaya bilib.
AA vəzifə qrupu üzrə sertifikatı əldə etmək üçün qeydiyyatdan keçən 3 nəfərdən 1 nəfər, AB üzrə 21 nəfərdən 1 nəfər, AC üzrə isə 47 nəfərdən 22 nəfər test imtahanından uğurla keçib.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 71 namizəddən 24 nəfəri (33,8 faiz) müvəffəqiyyət əldə edib (53 kişidən 14 nəfəri, 18 qadından isə 10 nəfəri lazım olan balı toplayıb).
Digər statistik göstəricilərlə Dövlət İmtahan Mərkəzinin saytında tanış olmaq mümkündür.