SİYASƏT
İordaniya mətbuatında 27 Sentyabr - Anım Gününə həsr olunmuş məqalə dərc edilib
Bakı, 26 sentyabr, AZƏRTAC
İordaniyanın “Əl-Ənbat” qəzetində, “Oroba News”, “Əl-Urdun”, “Johina News”, “NBNJO”, “Cleopatra” və “Nayrouz” informasiya agentliklərinin internet səhifələrində “Vətən müharibəsi şəhidlərinin xatirəsinin anılmasına dair Azərbaycan Respublikası səfirinin bəyanatı” sərlövhəli məqalə dərc olunub.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, məqalədə 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan xalqının şəhid olmuş bütün qəhrəman övladlarının qürur və şərəf hissi ilə hər il sentyabrın 27-də yad olunduğu qeyd edilir. Həmin gün Ermənistan silahlı qüvvələrinin cəbhə xəttinə yaxın mülki yaşayış məntəqələrinə və hərbi mövqelərə genişmiqyaslı hücuma keçdiyi və buna cavab olaraq Azərbaycanın öz ərazilərinin qorunması və mülki əhalinin müdafiəsi üçün sürətli əks-hücum həyata keçirdiyi vurğulanır. Həmçinin Azərbaycanın 44 gün davam edən müharibə nəticəsində işğal altında olan torpaqlarını azad etdiyi, regionda suverenlik, ədalət və beynəlxalq hüququn prinsiplərinin bərqərar edildiyi barədə məlumatlar əks olunur.
Məqalədə, o cümlədən Qələbədən sonra Azərbaycanın erməni silahlı qüvvələrindən azad edilmiş şəhərlərdə hərtərəfli yenidənqurma kampaniyasına başladığı, baxımsız qalmış torpaqların transformasiyasına, tarixi-mədəni kimliyini qoruyub saxlamaqla “ağıllı” şəhərlərin və kəndlərin salınmasına başladığı bildirilir. Azərbaycan Hökumətinin məcburi köçkünlərin öz doğma yerlərinə qayıtması üçün böyük səylər göstərdiyi, Zəngilan, Laçın, Füzuli və digər rayonlara ilk köçlərin başlandığı qeyd olunur. Hazırda Azərbaycanın yeni nəqliyyat xətlərini çəkdiyi, tarixi abidələrin və işğaldan azad edilmiş şəhərlərin bərpası ilə regionun iqtisadi və turizm mərkəzinə çevrilməsinə doğru irəlilədiyi diqqətə çatdırılır.
Dərc olunmuş məlumatda bu Qələbənin qazanılmasında, Azərbaycan torpaqlarının azad olunması və bərpasında, ölkəmizdə sülhün və sabitliyin bərqərar olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasətinin böyük rol oynadığı xüsusilə vurğulanır. Prezident İlham Əliyevin məcburi köçkünlərin öz evlərinə qayıtması və onların bütün lazımi yaşayış şəraiti ilə təmin edilməsi üçün inkişafın bütün sahələrinin gücləndirilməsinə və genişləndirilməsinə böyük diqqət yetirdiyi qeyd olunur. Bundan əlavə, Prezident İlham Əliyevin Azərbaycanın qədim tarixi abidələrinin bərpasına başlanılması və işğaldan azad edilmiş şəhərlərin yenidən qurulması ilə yanaşı, Qarabağ bölgəsinin müasir və qabaqcıl nəqliyyat şəbəkəsinə qoşulmuş iqtisadi və turizm mərkəzinə çevrilməsinə dair özünəməxsus baxışının mövcud olduğu bildirilir.
Məqalənin sonunda qeyd olunur ki, Vətən müharibəsinin 4-cü ildönümü - Azərbaycan cəmiyyətinin qələbəsinin və sülhün bərqərar olmasının tarixi sübutudur. Azərbaycan əsgərlərinin qəhrəmanlığı və fədakarlığının xalqın daha parlaq və firavan gələcəyinə yol açdığı vurğulanır. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan tərəfindən həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin öz əraziləri üzərində suverenliyini tam bərpa edə bildiyi və torpaqlarımızın erməni silahlı birləşmələrinin və separatçıların qalıqlarından təmizləndiyi qeyd olunur.