İqlim dəyişkənliyinin təsirlərini minimuma endirmək üçün Strategiya Planı hazırlanıb
Bakı, 15 may, AZƏRTAC
Kənd təsərrüfatı sahəsi iqlim dəyişmələrinin nəticələrindən təsirlənən sektor olmaqla yanaşı, İstilik Effekti Yaradan Qazların (İEYQ) atmosferə atılmasında da müəyyən paya malikdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov “Dayanıqlı kənd təsərrüfatının inkişafı iqlim dəyişikliklərində” mövzusunda keçirilən panel müzakirəsində deyib.
O bildirib ki, son hesablamalara əsasən, ölkə üzrə ümumilikdə atılmış 62,4 milyon ton tullantının 8 milyon tonu kənd təsərrüfatı sektorunun payına düşür. Bu da ümumi tullantıların 12,8 faizi deməkdir. Bu göstərici ilə kənd təsərrüfatı sektoru İEYQ-nin ölkə üzrə ümumi payında enerji kateqoriyasından sonra ikinci yerdə durur.
“Ümumilikdə Kənd Təsərrüfatı Nazirliyi olaraq ətraf mühit məsələlərinə həssaslıqla yanaşmaqla bu sahədə olan qlobal çağırışları dəstəkləyirik. Belə ki, kənd təsərrüfatı sektorunda iqlim dəyişkənliyinin təsirlərini minimuma endirmək və fəaliyyətin təşkilində iqlim risklərinin qiymətləndirilməsi məqsədi ilə beynəlxalq təcrübələrə əsaslanaraq nazirlik tərəfindən iqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin yumşaldılması istiqamətində ölkə siyasətini təşviq edərək Strategiya Planı hazırlanmışdır”, - deyə nazir müavini bildirib.