İqlim dəyişmələri nəticəsində sitrus bitkilərində fotosintez prosesinin dinamikası izlənilib
Dendrologiya İnstitutunun əməkdaşları Lənkəran-Astara bölgəsində ekspedisiyada olublar
Bakı, 4 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Ekologiya və iqlimləşdirmə şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru Hüseynağa Əsədov, Sənaye əhəmiyyətli bitkilər laboratoriyasının aparıcı elmi işçisi aqrar elmlər üzrə fəlsəfə doktoru Tofiq Sadiqov, Mərkəzləşmiş eksperimental laboratoriyasının kiçik elmi işçisi Mirməhəmməd Babayev Lənkəran-Astara bölgəsində ekspedisiyada olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, alimlər iqlim dəyişmələri nəticəsində limon, naringi və portağal növlərində fotosintez prosesinin dinamikasını izləyiblər. Həmçinin bitkilərin quraqlığa davamlılığı, yeni zoğların və yarpaqların boy və inkişaf dinamikasının onların məhsuldarlığına və məhsulun keyfiyyət göstəricilərinə təsiri təyin edilib və yeni təkliflər verilib.
Laboratoriya əməkdaşları tərəfindən subtropik bitkilərdən efir yağlarının alınması üçün yarpaq nümunələri götürülüb. Ekspedisiyanın iştirakçıları Lənkəran Regional Elmi Mərkəzində Analitik laboratoriyanın təşkilində iştirak edib, quru çayın alınma texnologiyası ilə tanış olublar.