İQTİSAD UNİVERSİTETİNDƏ TƏNTƏNƏLİ YUBİLEY YIĞINCAĞI
Mayın 3-də Azərbaycan İqtisad Universitetinin Dövlət idarəçiliyi məktəbində Prezident Heydər Əliyevin anadan olmasının 80 illiyinə həsr edilmiş təntənəli yığıncaq keçirilmişdir.
Yığıncağı giriş sözü ilə açan akademik Asəf Nadirov dövlətimizin başçısının 80 illiyi ərəfəsində 150 nəfər gəncin Yeni Azərbaycan Partiyasına daxil olmaq üçün ərizə verdiyini bildirdi və dedi ki, onların qəbul edilməsi üçün YAP rayon təşkilatı qarşısında vəsadət qaldırılmış və bu məsələ yekdilliklə həll olunmuşdur. O, gənclərdən bir neçəsinə partiya vəsiqələri təqdim etdi və onlara uğurlar arzuladı.
Sonra İqtisad Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Əli Abbasovun “Heydər Əliyev Azərbaycanın iqtisadi-siyasi inkişafının qurucusu və təminatçısıdır” mövzusunda məruzəsi dinlənildi. Məruzəçi ilk növbədə vurğuladı ki, ölkəmizin ictimai-siyasi, mədəni, iqtisadi həyatında gördüyü nəhəng işləri, xalqımızın taleyində oynadığı tarxi rolu nəzərə alaraq, dövlətimizin başçısının yubileyinin yüksək səviyyədə keçirilməsi vacib və zəruridir.
Natiq vaxtilə Heydər Əliyevə qarşı törədilən ədalətsizliklərdən, təzyiqlərdən, onun fəaliyyətinin Naxçıvan dövründən, müstəqillik yollarında ilk addımlarını atan respublikamızın son dərəcə çətin günlərində xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə ictimai-siyasi sabitlik yaratmasından ətraflı söhbət açdı. Bildirildi ki, məhz bundan sonra cəbhədə atəşkəsə nail olunmuş, iqtisadiyyat böhrandan çıxarılaraq tərəqqi əldə edilmiş, uğurlu islahatlar, neft strategiyasının həyata keçirilməsi Azərbaycanın dünya iytisadiyyatına inteqrasiyasını təmin etmiş, milyardlarla dollar xarici sərmayələr cəlb olunmuş, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq yaradılmışdır. Bütün bunların nəticəsi olaraq Azərbaycan dünya birliyində layiqli yerini tutmuşdur.
Təhsil naziri Misir Mərdanov, Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov, MEA-nın müxbir üzvü Şahbaz Muradov, Milli Məclisin deputatı Bəhruz Qəndilov, akademik Ziyad Səmədzadə, Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çıxış edərək, respublikamızın rəhbərinin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın gələcək sosial-iqtisadi inkişafı üçün davamlı şərait yaradıldığını, MDB məkanında güclü iqtisadi potensiala malik ölkəyə çevrildiyini, yaxın on ildə isə dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qalxacağını vurğuladılar.
Onlar Prezident Heydər Əliyevin “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamını xatırladaraq bildirdilər ki, onun müəyyən etdiyi xəttin ardıcıl şəkildə reallaşdırılması nəticəsində Azərbaycan bazar münasibətləri yolu ilə gedən sivil, demokratik dövlət imici qazanmışdır.
“Gənclərin lideri İlham Əliyevin dövlətimizin başçısının ən layiqli davamçısı olacaqdır” fikrini səsləndirən natiqlər dağıdıcı müxalifətin və ona xidmət edən mətbuatın ləyaqətsiz hərəkətlərinə də münasibətlərini bildirdilər. Natiqlər vurğuladılar ki, bütün ömrünü Azərbaycanın çiçəklənməsinə həsr edən tarixi şəxsiyyət, dövlət başçısı haqqında bu cür hərəkətlərə yol verilməsi heç bir etik normalara sığmır və belə adamlara qarşı qəti tədbirlər görülməlidir. Belələri bilməlidir ki, müstəqil Azərbaycan dövlətçiliyinin memarı, ümummilli liderimiz Heydər Əliyev bundan sonra da öz xalqına xidmət edəcək və vətənimizə xoş günlər bəxş edəcəkdir. Qarşıdakı prezident seçkilərində də xalqımız düzgün seçimini edərək, müdrik oğlu Heydər Əliyevə səs verəcəkdir.
Natiqlər xalqımız üçün əsl mənada bayram olan yubileyi münasibətilə Azərbaycan Prezidentini ürəkdən təbrik etdilər, ona cansağlığı, şərəfli işində uğurlar dilədilər.
Sonda yığıncaq iştirakçıları Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət qəbul etdilər.
Foto İlqar Cəfərovundur