İqtisadiyyat və Sənaye Nazirliyi Aparatının əməkdaşları qanvermə aksiyasında iştirak etmişlər
Bakı, 19 aprel (AZƏRTAC). Aprelin 19-da İqtisadiyyat və Sənaye Nazirliyi Bakı Biznes Mərkəzində Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində “Savab Dünyası” Talassemiya Assosiasiyasının təşəbbüsünə qoşularaq talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək üçün qanvermə aksiyası keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aksiyada bu qurumun Aparatının əməkdaşları qan vermişlər.
Müəyyənləşdirilmiş qrafik üzrə nazirliyin digər qurumlarında da qanvermə aksiyası keçiriləcəkdir.
İqtisadiyyat və Sənaye Nazirliyi belə xeyriyyə tədbirlərini gələcəkdə də davam etdirəcəkdir.