İqtisadiyyat və yerquruluşu istiqamətləri üzrə ödənişsiz təkmilləşdirmə kursları start götürüb
Gəncə, 16 avqust, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində iqtisadiyyat və yerquruluşu istiqamətləri üzrə ödənişsiz təkmilləşdirmə kursları başlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor, İbrahim Cəfərov kurslarda iştirak edən dinləyicilərin universitetin keçmiş məzunları, müxtəlif özəl və dövlət müəssisələrində çalışan mütəxəssislər olduğunu bildirib. Diqqətə çatdırılıb ki, layihənin məqsədi iqtisadiyyat və yerquruluşu istiqamətləri üzrə fəaliyyət göstərən mütəxəssislərin praktik bilik və bacarıqlarının artırılmasıdır.
Proqram çərçivəsində iştirakçılar “yerquruluşunun layihələndirilməsi” tədris laboratoriyasında həm praktiki, həm də bazar torpaq münasibətləri, yüksəklik qurşağı və suvarma əkinçiliyi şəraitində torpaq ehtiyatlarından səmərəli istifadənin və onların mühafizəsinin təşkili, aqrar sahənin iqtisadiyyatı və s. kimi mövzularda nəzəri biliklərini təkmilləşdirəcəklər.
Qeyd edək ki, təkmilləşdirmə kursları ödənişsizdir. Layihə iştirakçıları universitetin tələbə evində ödənişsiz yaşayış yeri ilə təmin ediliblər. Həmçinin kursları müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.