İradə İbrahimova: Təbiətə münasibət dəyişmədikcə istirahət etdiyimiz ərazilərdə tullantıların şahidi olacağıq
Bakı, 25 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi çimərlik mövsümü başlayandan təkcə Buzovna çimərliyi ərazisində IDEA İctimai Birliyi, Yeni Azərbaycan Partiyası, Vəkillər Kollegiyası və bir çox təşkilatlarla birgə dəfələrlə təmizlik aksiyaları keçirib və ərazi tullantılardan təmizlənib. Ötən illərə nisbətən bu aksiyalara daha çox təşkilat və könüllü qoşulub.
AZƏRTAC xəbər verir ki, bu sözləri nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova sentyabrın 25-də keçirilən mətbuat konfransında deyib.
“Eyni ərazi may, avqust, sentyabr aylarında tullantılardan təmizlənib. Lakin hər dəfə aksiyalar zamanı həmin ərazidə daha çox tullantının toplandığının şahidi olmuşuq. Bu, onu göstərir ki, yanaşmamız dəyişənədək həmin çimərlikdə tullantılar azalmayacaq.
Görəsən, niyə biz özümüz-özümüzə bu qədər biganəyik, niyə təbiətimizə laqeydik? Təbiətimizə münasibətimiz dəyişmədikcə istirahət etdiyimiz ərazilər də daxil, ayağımızın dəydiyi hər yerdə ürək açmayan mənzərənin, tullantıların şahidi olacağıq. Əsas təəssüfləndirici məqam odur ki, bu barədə davamlı olaraq danışılır, yazılır, təbliğat aparılır, örnək üçün təmizlik aksiyaları keçirilir. Amma yenə də öz ətrafımıza, dənizə, meşəyə biganəlik, tullantıların hara gəldi atılması davam edir. İstirahət etdiyimiz əraziləri niyə bu günə salırıq? Nə vaxta qədər təbiətə belə yanaşma olacaq? Qoruyub saxlamağa borclu olduğumuzu ya unuduruq, ya da heç məhəl qoymuruq.
Bunu təkcə bir qurumun işi və vəzifəsi hesab etməyək, hamılıqla məsələnin ciddiliyini başa düşək və əməli nümunə göstərək. Çünki təbiətin qorunmasında hər birimiz məsuliyyət daşıyırıq. Bunun üçün hər kəs özündən başlamalıdır. Düzdür, burada tullantıların idarə edilməsinə cavabdeh olan yerli bələdiyyələrin, icra nümayəndəliyinin səhlənkarlığı da var. Onların da həmin məsələlərə diqqət yetirməsi olduqca vacibdir. Belə olsa nəticə daha tez əldə ediləcək və hamımızın daha təmiz ətraf mühitdə yaşamasına birgə nail olacağıq. Nəticədə təmizlik aksiyalarının keçirilməsinə də ehtiyac qalmayacaq”.