İRAN İLƏ AZƏRBAYCAN ARASINDA GƏNCLƏR SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Bakı, 26 oktyabr (AZƏRTAC). Okytabrın 26-da Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev İran Prezidentinin müşaviri, Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Mehdi Müstəfəvi ilə görüşmüşdür.
İntiqam Babayev Azərbaycanda gənclər siyasəti, bu sahədə görülən işlər haqda qonağa məlumat vermişdir. Nazir müavini gənclər arasında qurulan sıx əlaqələrin ölkələrin gələcək münasibətlərində böyük rol oynadığını diqqətə çatdırmışdır. O, 2007-ci ildə İranın gənclər üzrə nümayəndə heyətinin Bakıya səfərini xatırladaraq, əlaqələrin möhkəmləndirilməsi istiqamətində bir sıra danışıqların aparıldığını və 2009-cu ilin aprel ayında gənclər və idman naziri Azad Rəhimovun İrana səfər etdiyini və “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İran İslam Respublikası Milli Gənclər Təşkilatı arasında əməkdaşlığa dair Memorandum”un imzalandığını bildirmişdir.
Nazir müavini iki ölkənin gənclərinin də tez -tez görüşməsini, birgə müxtəlif layihələr həyata keçirməsini, eyni zamanda İran və Azərbaycanda gənclər gününün gerçəkləşdiriməsi təkliflərini irəli sürmüşdür.
Mehdi Müstəfəvi İranın Azərbaycan ilə təkcə gənclər və idman sahəsində deyil, digər sahələrdə də əlaqələri daha da genişləndirmək arzusunda olduğunu bildirmişdir.
M.Mustəfəvi demişdir: “Biz Azərbaycan qardaşlarımızın yanında heç vaxt özümüzü qərib hiss etmirik. İki ölkə arasında əlaqələr nə qədər çox inkişaf edərsə, mənafe bir o qədər də çox qorunar. Sizin ölkədə aparılan gənclər siyasəti sözün əsl mənasında nümunədir və biz bu təcrübədən yararlanmaq istərdik”.
Qonaq, bu səfərinin məqsədindən danışmış, Azərbaycan və İranın qeyri-hökumət təşkilatları, İslam Konfransı ölkələrinin gəncləri arasında əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulamışdır.
Müşavir idman sahəsində də birgə əməkdaşlıq arzusunda olduqlarını diqqətə çatdırmışdır.