İşçi Qrupu: Narkomaniya ilə bağlı təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi vacibdir
Bakı, 14 may, AZƏRTAC
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının, habelə 2026-cı il üzrə İş Planının icrasının təmin edilməsi məqsədilə Saatlı rayonunda yerli komissiya üzvləri ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupundan məlumat verilib.
Bildirilib ki, tədbirdə təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, davamlılığın təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı profilaktik tədbirlərin görülməsi və bu sahədə fəaliyyət göstərən qurumların qarşılıqlı əməkdaşlığı ilə koordinasiya işlərinin təşkil edilməsi istiqamətində müzakirələr aparılıb, lazımi metodiki tövsiyələr verilib və kömək göstərilib.
Eyni zamanda, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədilə hazırlanmış yaddaş kitabçaları iştirakçılara təqdim olunub.