İslam dünyasında türk dostluğu: ortaq dəyərlər, həmrəylik və çoxtərəfli əməkdaşlıq modelləri
Bakı, 18 may, AZƏRTAC
Türkiyədə Mərmərə Universiteti Siyasi Elmlər fakültəsinin və Türk Dünyası Yörük Türkmən Birliyinin təşkilatçılığı ilə “Türk dostluğu əsaslı işbirliyi: tarixdən gələcəyə beynəlxalq münasibətlərin perspektivləri” mövzusunda III Beynəlxalq Türk Dünyası Strateji Araşdırmalar Konqresi keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda AMEA Tarix və Etnologiya İnstitutunun Azərbaycanın VII-XIV orta əsrlər tarixi şöbəsinin əməkdaşı Fəridə Allahverdiyeva “İslam dünyasında türk dostluğu: ortaq dəyərlər, həmrəylik və çoxtərəfli əməkdaşlıq modelləri” adlı məruzə ilə çıxış edib.
Məqalədə qeyd olunub ki, İslam dünyasında türk dostluğu yalnız mədəni yaxınlıq deyil, həm də davamlı əməkdaşlıq və strateji model kimi böyük əhəmiyyət daşıyır. Ortaq dini dəyərlər, zəngin tarixi irs və mədəni bağlılıq həmrəylik mühitinin formalaşmasına və institusionallaşmasına mühüm töhfə verir.
Bildirilib ki, çoxtərəfli diplomatik platformalar, iqtisadi layihələr və mədəni diplomatiya fəaliyyəti Türk dünyasında əməkdaşlıq modelinin effektivliyini artırır. Təhsil, enerji, ticarət və sosial layihələr isə regionlararası sabitliyin, qarşılıqlı etimadın və ortaq inkişaf məqsədlərinin reallaşması baxımından böyük potensiala malikdir.
Çıxış zamanı vurğulanıb ki, türk dostluğu gələcəkdə də regional əməkdaşlıq və davamlı inkişaf üçün əsas strateji modellərdən biri olaraq öz aktuallığını qoruyacaq. Məqalədə, həmçinin qeyd edilib ki, İslam dünyasında türk dostluğu ortaq tarix, mədəniyyət və dini dəyərlər üzərində formalaşan güclü münasibətlər sistemi olmaqla yanaşı, iqtisadi, siyasi və strateji əməkdaşlıqlarla dəstəklənən çoxşaxəli bir modeldir.