İslam yüksək əxlaqi dəyərləri təbliğ edən dindir
Tbilisi, 12 oktyabr, AZƏRTAC
İslam dini yüksək əxlaqi dəyərləri, barış və ədaləti, bərabərliyi, sülhü təbliğ edən dindir. Bu gün dünyada gedən ikili standartlara, İslama qarşı qarayaxma kampaniyalarına baxmayaraq İslam öz dəyərlərini qoruyub saxlayıb və inkişaf etdirir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Tbilisidə “İslam Peyğəmbərinin (S) örnək ictimai həyatı və ümmətə tapşırığı” mövzusunda beynəlxalq konfransda səslənib.
Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) təşkil etdiyi tədbirdə Gürcüstanla yanaşı, Azərbaycan, Türkiyə və İrandan olan mütəxəssislər, səfirlik nümayəndələri, din xadimləri iştirak ediblər.
GMİ-nin sədri Hacı Ramin İgidov konfransı açdıqdan sonra Qurani-Kərimdən ayələr oxunub.
R.İgidov çıxışında qeyd edib ki, bəzi qüvvələr yenə də İslama və onun peyğəmbərinin ünvanına qarayaxma kampaniyası aparır, cəmiyyətdə çaşqınlıq yaratmağa, İslamı gözdən salmağa çalışırlar. Bugünkü tədbirin məqsədi İslamda ailə, tərbiyə, bərabərlik, ədalətlilik, əxlaq kimi dəyərlərdən danışmaq, İslamın əsl sülh və barış, bərabərlik dini olduğunu bir daha diqqətə çatdırmaqdır.
Sonra GMİ-nin qərbi Gürcüstan üzrə müftisi Adəm Şantadze, şərqi Gürcüstan üzrə müfti Etibar Eminov, Türkiyə səfirliyinin dini işlər üzrə müşaviri Ərdəm Ahmed, İranın Əli Mustafa Universitetinin nümayəndəsi hacı Həsən Yusifzadə, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov, Gürcüstan parlamentinin sabiq deputatı Ruslan Hacıyev və başqaları çıxış edərək dünyada mövcud olan ikili standartlardan danışıb, İslam dəyərlərindən sitatlar gətirib, islamda ailə ilə dövlətin eyni tutulması kimi üstün cəhətləri qeyd ediblər.
Bildirilib ki, bütün təzyiq və qarayaxmalara baxmayaraq artıq dünya bilir ki, İslam barış və sülh, ədalət və bərabərlik dinidir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi