İQTİSADİYYAT
İsmayıllı üzümçüləri məhsul yığımını başa çatdırmışlar
İsmayıllı, 14 noyabr (AZƏRTAC). İsmayıllı rayonunun üzümçüləri məhsul yığım kompaniyasını müvəffəqiyyətlə başa çatdırmışlar.
AZƏRTAC rayon icra hakimiyyətinin aqrar şöbəsinə istinadən xəbər verir ki, cari mövsümdə sahələrdən 5220 ton üzüm yığılmışdır ki, bu da ötən ilki göstəricidən 1090 ton çoxdur. Ən çox üzüm Nikitin adına kolxozda yığılmışdır. Burada 296 hektar sahədən 320 ton məhsul əldə edilmiş, hər hektardan məhsuldarlıq 108 sentnerə çatdırılmışdır. Əsas üzümçülük təsərrüfatlarından sayılan “Aspirant” MMC-nin də göstəriciləri yaxşı olmuşdur.
Ümumiyyətlə, son illərdə rayonda üzümçülüyün inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Hazırda plantasiyaların sahəsi 859 hektara çatmışdır ki, bunun da 758 hektarı bar verəndir.