REGİONLAR
İsmayıllıda özünümaliyyələşdirmə istiqamətində layihələr reallaşdırılacaq VİDEO
İsmayıllı, 23 yanvar, Adil Ağayev, AZƏRTAC
Dünyanı bürüyən və Azərbaycandan da təsirsiz ötüşməyən iqtisadi böhran ölkəmizdə, o cümlədən onun hər bir bölgəsində mövcud daxili imkanlardan daha səmərəli istifadə olunmasını tələb edir. Prezident İlham Əliyev də Nazirlər Kabinetinin ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən iclasındakı nitqində qeyri-neft sektorunun inkişafının prioritet məsələ olduğunu diqqətə çatdırıb.
AZƏRTAC xəbər verir ki, yanvarın 23-də İsmayıllıda sosial-iqtisadi inkişafın potensial imkanlarının müzakirəsinə həsr olunan müşavirə keçirilib. Rayonun iqtisadi və maliyyə qurumlarının, sahibkarların, yerli icra və özünüidarəetmə orqanları nümayəndələrinin iştirak etdikləri müşavirədə icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İsmayıllının büdcədən asılılıqdan azad olunması istiqamətində görüləcək işlərdən danışıb, mövcud potensialdan səmərəli istifadə etməklə bütün xərcləri yerli gəlirlər hesabına maliyyələşdirməyin mümkünlüyünü vurğulayıb.
M.Sadıqov bu məqsədlə xüsusi təkliflərin hazırlandığını diqqətə çatdırıb. Vergilərin yığılmasında biganəliyə yol verildiyi, torpaqların, o cümlədən yaylaq sahələrinin icarəsində qeyri-obyektivliyin olduğu bildirilib, nöqsanların aradan qaldırılması tələb edilib.
Hazırlanan təkliflər müşavirə iştirakçılarına təqdim olunub. Təkliflər rayonda sənayenin, aqrar sektorun və turizmin inkişafı ilə bağlı üç bölmədən ibarətdir.
Rayonda sənaye mərkəzinin, yüksək keyfiyyətli toxum istehsal edən təsərrüfatların, İvanovka kəndində aqroparkın yaradılması, tikinti materialları müəssisələrinin inşası, un və un məhsulları istehsalı, yun, gön-dəri tədarükü və emalı müəssisələrinin açılması, soyuducu anbarın tikilməsi, kartof çipsi istehsalı müəssisəsinin inşası, balıqçılıq təsərrüfatının, ekoloji, dağ gəzintisi və qurman turizminin inkişaf etdirilməsi və sair təkliflər müzakirə olunub. İclasda təkliflərin kreditləşdirilməsi üçün tapşırıqlar verilib.
Müşavirədə İvanovka kəndində günəbaxan yağı istehsalı müəssisələrinin açılması, Talıstan və Buynuz kəndlərində işlək vəziyyətdə olan köhnə su dəyirmanlarının işə salınması, un istehsalının bərpası və digər təkliflər də maraqla qarşılanıb.
Sonda rayonda iqtisadiyyatın inkişafı istiqamətində nəzərdə tutulan tədbirlərin həllinə nəzarət etmək və lazımi kömək göstərilməsi üçün xüsusi işçi qrupu yaradılıb.