İsmayıllının Diyallı kəndində şəhidlərin xatirəsinə ucaldılan abidə-kompleksi açılıb
İsmayıllı, 11 noyabr, AZƏRTAC
İsmayıllı rayonunun Diyallı kəndində Birinci və İkinci Qarabağ müharibələrində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsinə inşa olunan abidə-kompleksi açılıb. Açılış mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, müharibə iştirakçıları və kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində öncə Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbədən danışılıb, noyabrın 8-də bu Qələbənin birinci ildönümünün ümumxalq təntənəsinə çevrildiyi vurğulanıb. Qeyd edilib ki, Birinci və İkinci Qarabağ müharibələrində Diyallı kəndindən 8 nəfər şəhid olub.
Tədbirdə məktəblilərin ifasında Vətənə, şəhidlərə həsr olunan şeirlər səsləndirilib.
Qeyd edək ki, bu gün həm də Diyallı kəndindən olan Vətən müharibəsi şəhidi Orxan Lətiflinin anım günüdür. Bu münasibətlə mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, üzərinə əklil və çiçəklər qoyublar.
Sonra rayon rəhbərliyi Orxan Lətiflinin evində onun xatirəsinə yaradılan muzeylə tanış olub, şəhidin “Cəsur döyüşçü” medalını ailəsinə təqdim ediblər.