İspaniyanın EFE xəbər agentliyinin yarandığı gündən 80 il ötür
Madrid, 6 fevral, AZƏRTAC
İspaniyanın Beynəlxalq Xəbər Agentliyi - EFE 80 illik yubileyini qeyd edib. EFE agentliyi dünyanın informasiya reytinqində ilk yerlərdən birini, ispandilli agentliklər arasında birinci yeri tutur.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ispan həmkarlara məktub ünvanlayaraq, EFE komandasını və agentliyin başçısı Fernando Qareanı 80 illik yubiley münasibətilə təbrik edib, onlara yeni nailiyyətlər diləyib. AZƏRTAC xəbər verir ki, məktubda Azərbaycanla İspaniya arasında mövcud olan dostluq əlaqələri, AZƏRTAC ilə EFE agentliklərinin bu əlaqələr çərçivəsində sıx əməkdaşlıq etdikləri qeyd edilib, 2016-cı ildə Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində agentliklərimiz arasında qarşılıqlı anlaşma haqqında Memorandumun imzalanması vurğulanıb. Məktubda göstərilir ki, 2019-cu ildə AZƏRTAC-da ispan dili redaksiyası fəaliyyətə başlayıb və bu fakt, şübhəsiz ki, iki informasiya agentliyi arasında əməkdaşlığı daha da möhkəmləndirəcək.
EFE agentliyinin prezidenti Fernando Qarea yubiley tədbirində çıxış edərək bildirib ki, EFE artıq öz qərəzsizliyini, obyektivliyini və etibarlılığını sübut edib. Bu keyfiyyətləri EFE-ni ispan dilində birinci, dünya agentlikləri arasında dördüncü yerə çıxarıb.
Fernando Qarea qonaqları “Agentlik” sənədli filminə baxmağa dəvət edib. O qeyd edib ki, bu sənədli film sındırılmış insan talelərindən, dəhşətli müharibələrin, münaqişələrin və xəstəliklərin qurbanlarından çox kədərli, bəzən isə təəccüblü əhvalatları dünyaya EFE brendi ilə danışmaq üçün canlarından keçmiş cəsur reportyorlara həsr edilib.
Öz sıralarında 60-dan çox millətdən 3000-dən artıq peşəkarı birləşdirən agentlik beş qitənin 2000-dən çox kütləvi informasiya vasitəsini multimedia informasiya məhsulları ilə təmin etmək üçün 120 dövlətin 180-dən çox şəhərində fasiləsiz çalışır. Agentliyin müasir fotojurnalistikanın ən iri kolleksiyalarından biri olan fotoarxivində XIX əsrin ikinci yarısından tutmuş bu günə qədər dövrü əhatə edən 15 milyon şəkil saxlanılır. Fotoarxivə hər gün 1500 foto daxil olur.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid