İsrail prezidenti Nazirlər Kabinetini formalaşdırmaq üçün 48 saat vaxt verib
Bakı, 14 aprel, AZƏRTAC
İsrail Prezidenti Reuven Rivlin martın 2-də keçirilən seçkilərin nəticəsinə əsasən Nazirlər Kabinetinin formalaşdırılması üçün Baş Nazir və “Likud” partiyasının rəhbəri Binyamin Netanyahuya və mərkəzçi “Kahol-Lavan” partiyasının lideri Beni Hansa əlavə 48 saat vaxt verib. Hansa Nazirlər Kabinetinin qurulması üçün verilən 28 günlük müddət aprelin 14-də yerli vaxtla saat 00:00-da başa çatıb.
AZƏRTAC İsrailin “Kan” dövlət radiosuna istinadla xəbər verir ki, Binyamin Netanyahu və Beni Hans hökumətin formalaşdırılması üçün mandatın uzadılması barədə prezidentə xahişlə müraciət edib. Aprelin 13-də mərkəzçilərin lideri tərəflər arasında koalisiya sazişi imzalamağa maneə olan fikir ayrılıqlarının aradan qaldırılması üzrə danışıqlar aparmaq üçün Baş Nazirin iqamətgahına gəlib.
Hans ona verilən vaxtın uzadılması barədə prezidentə rəsmi müraciət edib. Lakin Prezidenti Reuven Rivlin vaxtı uzatmayacağını və tərəflərin koalisiyaya nali olmayacağı təqdirdə Nazirlər kabinetinin formalaşdırılması mandatını Knessetin bütün heyətinə verəcəyini bildirib.
2019-cu il sentyabrın 17-də keçirilən ilk təkrar seçkilərin nəticəsinə əsasən, Netanyahu və Hans növbə ilə onlara təqdim olunan 28 gün ərzində hökuməti formalaşdıra bilməyib. Bundan sonra Prezident Reuven Rivlin Knessetin bütün üzvlərinə 21 gün ərzində hökuməti qurmaq şansı versə də, yenə nəticə əldə olunmayıb və martın 2-də yenidən seçkilər keçirilib.
2016-cı il aprelin 9-da keçirilən seçkilərin nəticəsinə əsasən, Binyamin Netanyahu Nazirlər Kabinetinin qurulmasında uğursuzluqdan sonra Knessetin özünü buraxması və İsrail tarixində ilk dəfə olaraq sentyabrın 17-də yenidən seçilməsi barədə qanunu parlamentdən keçirib.
Binyamin Netanyahu parlament seçkilərinin nəticələrinə əsasən, yeni kabinet formalaşana qədər İsrailin keçid hökumətinin rəhbəri olaraq qalır.