İstanbulda “Şuşanın azadlığı və Qarabağ Zəfər bayramı” adlı tədbir təşkil olunub
Bakı, 11 noyabr, AZƏRTAC
İstanbulda “Şuşanın azadlığı və Qarabağ Zəfər bayramı” adlı tədbir təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “İpək Yolu” Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Türkiyə Evinin (ATEV) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ilk olaraq hər iki ölkənin şəhidlərinin əziz xatirəsi yad edilib, dövlət himnləri səsləndirilib.
Tədbirdə deputatlar, bələdiyyə rəhbərləri, siyasi partiya təmsilçiləri, dövlət rəsmiləri, elm adamları, sənətçilər və Azərbaycan diaspor nümayəndələri, Türkiyədə reabilitasiya keçən Vətən müharibəsi qaziləri daxil olmaqla, ümumilikdə 10 ölkədən 400 nəfərdən artıq qonaq iştirak edib.
Tədbiri giriş sözü ilə “İpək Yolu” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Seyfullah Türksoy və ATEV rəhbəri Tənzilə Rüstəmxanlı açıb. Vətən müharibəsi dövründə Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndiyi bildirilib.
Tənzilə Rüstəmxanlıya “İpək Yolu” Strateji Araşdırmalar Mərkəzi tərəfindən fəxri ad və plaket təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.