İstiqlal Muzeyində Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 12 noyabr (AZƏRTAC). 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar noyabrın 12-də Azərbaycan İstiqlal Muzeyində Bakı Dövlət Universitetinin tələbələri, Prezident Qvardiyasının və Daxili İşlər Nazirliyi Daxili Qoşunların əsgərləri və digər qonaqların iştirakı ilə tədbir təşkil olunmuşdur.
Bu əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik edən muzeyin direktoru Fəridə Şəmsi Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması tarixindən danışmış və bu müstəqilliyin daha da möhkəmləndirilməsində gənc nəslin rolunu vurğulamışdır.
Bakı Dövlət Universitetinin konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov isə mövzu ilə bağlı məruzə etmişdir.
Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası beynəlxalq hüquq normalarına uyğun, insan hüquq və azadlıqlarına geniş yer ayıran mükəmməl normativ-hüquqi sənəddir. Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən demokratik prinsiplərini, insan hüquqlarını özündə ehtiva etməklə yanaşı, ölkəmizdə hüquqi dövlətin və insan azadlıqlarının qarantıdır.
Məruzədə Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizə, hüquq və azadlıqlarımıza təminat verən ali sənəd kimi qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, ölkəmizin Əsas Qanununun qəbul edilməsindən ötən 18 il müddətində həyatımızın bütün sahələrində qazanılmış uğurlar ümummilli liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizdə demokratiyanın inkişafı, regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərin məntiqi nəticəsidir.
Məlumat verilmişdir ki, insan və vətəndaş hüquqlarını, vəzifələrini, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərini, dövlət quruluşunu, mülkiyyət formalarını müəyyənləşdirən Konstitusiyanın qəbul edilməsi dövlətimizin həyatında mühüm ictimai-siyasi hadisə hesab olunur. 1918-ci il mayın 28-də yaranmış Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin Konstitusiyası olmamışdır. Lakin Azərbaycan Xalq Cümhuriyyəti qısa vaxt ərzində Konstitusiya xarakteri daşıyan bir neçə aktlar, qərarlar qəbul etmiş və onların əsasında fəaliyyət göstərmişdir.
Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, latınca “quruluş, təsisat” mənasını verən konstitusiya hər hansı dövlətin ictimai və iqtisadi quruluşunun əsasını, idarəetmə növünü və dövlət quruluşunun formasını, şəxsiyyətin hüquqi vəziyyətini, mərkəzdə və yerlərdə hakimiyyət və idarəetmə orqanlarının təşkili qaydasını və səlahiyyətini, ədalət mühakiməsinin, seçki sisteminin təşkilini, əsas prinsiplərini və digər bu kimi məsələləri müəyyənləşdirən ən yüksək hüququ qüvvəyə malik qanundur.
Muzeyin elmi ekspozisiya şöbəsinin müdiri Şərafət Məmmədovanın təqdim etdiyi slayd-şouda isə Azərbaycan Bayrağı və Konstitusiyası haqqında ən vacib məlumatlar diqqətə çatdırılmışdır.
Tədbir iştirakçıları, həmçinin Bayraq və Konstitusiya ilə bağlı muzey işçiləri tərəfindən təqdim olunmuş test tapşırıqlarını da yerinə yetirmişlər.