İstiqlal Muzeyində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş sərgi açılıb
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədilə “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində “Vətən uğrunda” adlı sərgi təşkil olunub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə 44 günlük Vətən müharibəsində torpaqların azad olunmasında, Vətənə olan sevgiləri ilə qəhrəmancasına döyüşərək xalqı 30 ilə yaxın həsrətində olduğu torpaqlara qovuşduran güclü Azərbaycan Ordusundan, hərbçilərdən bəhs olunub. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin davamçısı Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin “Dəmir yumruğu”nun ətrafında Azərbaycan xalqı sıx birləşərək düşmənə qarşı böyük fəxarətlə vuruşdu.
Vurğulanıb ki, Vətən torpaqlarının işğaldan azad olunmasında xidmətlər göstərmiş qəhrəmanlarımıza və onların ailə üzvlərinə diqqət və qayğı daim Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin diqqətindədir.
Tədbirdə qazi Pərvin Abdullayev, şəhid kapitan Həsənov Əsədin anası Mələk Həsənova, şəhid baş leytenant Babayev Vüsalın yaxın dostu Samir Abıyev, qazi Ceyhun Sədrayev, şəhid əsgər Manafov Cavidin anası Natavan İbrahimova və şəhid əsgər Qənbərov Bilalın anası Gültəkin Qənbərova çıxış edərək qəhrəmanlarımızın döyüş yolundan söhbət açıblar.
Daha sonra tədbir iştirakçılar sərgi ilə tanış olublar. Sərgidə şəhidlərimizin həyatının müxtəlif illərinə, xidməti fəaliyyətinə həsr olunan fotoşəkillər və şəxsi əşyaları nümayiş olunub.
Sərgi noyabr ayının 17-nə qədər davam edəcək.