İsveç-Azərbaycan Dərnəyi fəaliyyət göstərdiyi ölkənin siyasətçilərini Ermənistanın təxribatlarına qiymət verməyə çağırıb
Stokholm, 13 sentyabr, AZƏRTAC
İsveç-Azərbaycan Dərnəyi (SAF) fəaliyyət göstərdiyi ölkənin siyasətçilərini Ermənistan tərəfinin ölkəmizə qarşı törətdiyi hərbi təxribatlarına qiymət verməyə çağırıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bəyanatda sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində irimiqyaslı təxribat törətdiyi bildirilib.
Qeyd edilib ki, qaranlıqda, müxtəlif istiqamətlərdə ərazinin dağlıq relyefindən öz məqsədləri üçün istifadə edən Ermənistan silahlı qüvvələrinin təxribat qrupları Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqeləri arasındakı əraziləri və təchizat marşrutlarına daxil olmağa çalışıblar.
Bu hərəkətlərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan bölmələrinin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində tərəflər arasında döyüş başlayıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Basarkeçər, İstisu, Qarakilsə və Goru qəsəbələri istiqamətində Daşkəsən, Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun bəzi mövqeləri, sığınacaq və dayaqları müxtəlif növ silahlardan, o cümlədən qumbaraatanlardan atəşə tutulub. Nəticədə azərbaycanlı şəxsi heyət arasında itkilər olub və hərbi infrastruktura ziyan dəyib.
Ermənistan silahlı qüvvələrinin təxribatının və Azərbaycan ərazisinə və suverenliyinə qarşı hərbi təhdidlərin qarşısını almaq, Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş hərbi qulluqçularımızın, o cümlədən mülki işçilərin təhlükəsizliyini qətiyyətlə təmin etmək məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunmuş bölmələri tərəfindən reaksiya tədbirləri görülür.
Bütün baş verənlərə baxmayaraq, Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrinin susdurulması və hərbi münaqişənin miqyasının genişlənməsinin qarşısının alınması üçün zəruri tədbirlər görüldüyü də bildirilib.
Bəyanatda, həmçinin diqqətə çatdırılıb ki, ümumiyyətlə, Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində törətdiyi təxribatlar, o cümlədən bu rayonlarda Azərbaycan Ordusunun mövqelərini müxtəlif təyinatlı silahlardan atəşə tutması, son bir ayda kifayət qədər intensiv və sistemli hala gəlib. Eyni zamanda, müşahidələr göstərir ki, Ermənistan hücum silahlarını, ağır artilleriyasını və şəxsi heyətini Azərbaycanla sərhəddə cəmləyib.
Bütün bunlar, öz növbəsində, Ermənistanın genişmiqyaslı hərbi təxribata hazırlaşdığının bir daha sübutudur.
Vurğulanıb ki, Ermənistan bu cür addımlara əl atmaqla Azərbaycanın işğaldan azad edilmiş sərhəd rayonlarında həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycanla sərhəd yaxınlığında gərginliyi saxlamaq məqsədi güdür.
Sonda, SAF-ın rəhbəri Sevda Dadaşova isveçli siyasətçilərə üz tutaraq yazıb: “Biz izah edirik və xahiş edirik ki, İsveç ermənilərin Azərbaycana, o cümlədən mülki əhaliyə qarşı təcavüzkar davranışına lazımi reaksiya və qiymət versin”.
Bəyanat İsveçin Baş naziri Maqdalena Andersson, ölkənin əsas partiya rəhbərləri Ulf Kristersson, Jimmie Okesson, Annie Löf, Nuşi Dadqostar, Ebba Buş, Yohan Pehrson və bir sıra nazirlərə ünvanlanıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm