İSVEÇ AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİNƏ BÖYÜK ƏHƏMİYYƏT VERİR
Noyabrın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev İsveçin Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Anna Dismoru qəbul etmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AzərTac-a bildirmişlər ki, görüş zamanı səfir Anna Dismor İsveçlə Azərbaycan arasında əlaqələrin daha da intensivləşməsinə ölkəsinin böyük əhəmiyyət verdiyini qeyd etmiş və ölkələrimiz arasında səmərəli əməkdaşlığın davam etdirilməsinə tərəfdar olduğunu vurğulamışdır.
Sonra səfir öz ölkəsinin xarici işlər naziri xanım Anna Lindin İsveçə rəsmi səfərlə bağlı dəvət məktubunu nazir Vilayət Quliyevə təqdim etmiş və bu səfərin ikitərəfli münasibətlər üçün faydalı olacağına əmin olduğunu söyləmişdir.
Xarici siyasət idarəsinin başçısı Vilayət Quliyev Azərbaycan-İsveç münasibətlərini yüksək qiymətləndirmiş və ikitərəfli əlaqələrin genişlənməsinə tərəfdar olduğunu bildirmişdir.
Sonra qonağın xahişi ilə nazir Vilayət Quliyev Avropa Şurasına üzv qəbul edildikdən sonra ölkəmizdə baş vermiş müsbət dəyişikliklər haqqında ətraflı məlumat verərək, Azərbaycanın hələ Avropa Şurasına üzv qəbul edilməsindən öncə bir sıra işlərin, o cümlədən Konstitusiyanın qəbul edilməsi, ölüm hökmünün ləğvi və sair tədbirlərin görüldüyünü xatırlatmışdır. Nazir ölkəmizin bu quruma üzv seçildikdən sonra da bir sıra konvensiyalara qoşulduğunu, “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, Konstitusiya Qanununun tətbiqi barədə, Konstitusiyaya, seçki qanunlarına dəyişikliklərin edildiyini, AQO monitorinq qrupu ilə əməkdaşlıq edildiyini səfirin diqqətinə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.