İsveçdə məktəbdə terror aktını planlaşdıran yeniyetmə məhkum olunub
Stokholm, 7 noyabr, Nərgiz Cəfərli, AZƏRTAC
Bir neçə ay ərzində sosial şəbəkələrdə məktəbdə terror aktının planlaşdırılmasını müzakirə edən Höteborqdan olan bir gənc qətlin hazırlanmasına görə məhkum olunub.
AZƏRTAC xəbər verir ki, yeniyetmənin internetdə fəallığından xəbər tutan İsveç polisi onun evində axtarış aparıb və orada az miqdarda partlayıcı maddə, bir neçə bıçaq, maska və döyüş jileti aşkar edib.
Polis, həmçinin yanında "qətlə yetirmək" və ya "yaralamaq" sözləri yazılan məktəb şagirdlərinin adlarının siyahısını tapıb. Gənc adam manifest adlandırdığı mətndə ifrat sağçı fikirlərini ifadə edib.
Şagird terror aktını mayın 11-dək keçirməyi planlaşdırıb və hətta canlı yayımlayacağı musiqini də seçib.
Dindirmə zamanı məlum olub ki, o, əvvəllər məktəb cinayətlərinə görə məhkum edilmiş və yetkinlik yaşına çatmayanlar üçün qapalı təlim-tərbiyə müəssisəsində cəza çəkən digər iki gənclə də ünsiyyətdə olub.
Hazırda sinif yoldaşlarının qətlinin planlaşdırılmasına görə yeniyetməyə Alingsos Dairə Məhkəməsində hökm çıxarılır.
O, evində az miqdarda pirotexniki qarışıq və tüstü barıtının tapıldığına görə “Partlayıcı və tez alovlanan maddələr haqqında” Qanunu pozmaqda günahkar bilinib. Yeniyetmə sinif yoldaşlarının və təsadüfi seçilmiş digər insanların qətlini hazırlaşmaqda ittiham olunur.
Gənc yaşına görə ona “yetkinlik yaşına çatmayanlara on ay nəzarət” cəzası veriləcək. Cəzaya, digərləri ilə yanaşı, Probasiya xidmətinin əməkdaşları ilə müntəzəm görüşlər, alkoqol və narkotiklərin istifadəyə qadağa, həmçinin müəyyən vaxtlarda evdən çıxmağın qadağan edilməsi daxildir.
Polisdəki dindirmələrdə yeniyetmə güclü fantaziyalara qapıldığını söyləyib. Eyni zamanda, o, İsveçdə məktəb cinayətləri törədən insanları idealizə etdiyini bildirib.