İsveçrə hökuməti ölkənin emissiyalardan azad məkana çevrilməsinə dair qərar qəbul edib
Bern, 29 avqust, AZƏRTAC
İsveçrə hökuməti ölkədə ekoloji standartların yaxşılaşdırılması üçün olduqca optimist və iddialı qərar qəbul edib. Belə ki, İsveçrə Paris İqlim Sazişi çərçivəsində havaya buraxılan zərərli qazların həcmini 2030-cu ilədək 1990-cu ilin səviyyəsindən iki dəfə aşağı salmağa dair öhdəlik götürüb. Lakin İsveçrə hökuməti avqustun 28-də qəbul etdiyi qərarla bu hədəfi daha da sərtləşdirib. Belə ki, hökumət 2050-ci ilədək ölkənin emissiyalardan azad məkana çevirməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, hökumətin qərarında İsveçrənin sıfır emissiyalı məkana çevirmə qərarı, yəni hazırkı emissiyaları 70-85 faiz azaldılması ictimaiyyət tərəfindən alqışla qarşılansa da, iqlim üzrə ekspertlər bu hədəfə nail olmaq üçün ölkədə çox iş görülməli olduğunu bildiriblər. Bunun üçün nəqliyyat, sənaye və binaların istifadəsində zərərli qazlardan yaranan emissiyalar müasir texnologiya və bərpa olunan enerji vasitələrinin köməyi ilə azaldılmalıdır.
Hökumətin açıqlamasında qeyd edilib ki, İsveçrə iqlim dəyişikliyindən ən çox zərər görən ölkələr sırasındadır, çünki burada illik temperaturun yüksəlməsi ortalama dünya göstəricisindən iki dəfə yüksəkdir. Buna görə də hökumət dünyadakı orta temperaturun sənayeləşmə dövründən əvvəlki səviyyəyə çatdırılması üçün konkret hədəflər müəyyən edir.
İsveçrə hökumətinin Ətraf Mühit Departamenti 2020-ci ilin sonlarınadək 2050-ci il iqlim strategiyasını hazırlayaraq, BMT-nin İqlim üzrə katibliyinə təqdim etməlidir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern