İsveçrənin Azərbaycandakı səfiri Naxçıvan Dövlət Universitetində olmuşdur
Naxçıvan, 15 noyabr (AZƏRTAC). İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Paskal Obişer Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində (NDU) olmuşdur.
Universitetin mətbuat şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, ali məktəblə tanışlıq zamanı qonağa universitetin strukturu, maddi-texniki bazası, tələbə kontingenti, tədris olunan ixtisaslar barədə ətraflı məlumat verilmişdir.
Universitetin rektoru, professor Saleh Məhərrəmov bildirmişdir ki, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin və təhsilin inkişafı, dünya təhsil sisteminə inteqrasiya, beynəlxalq təcrübə mübadiləsi daim diqqət mərkəzindədir. Dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlıq əlaqəsi olan bu ali məktəbdə 5 mindən yuxarı tələbə, o cümlədən 12 ölkənin 300 nəfərdən çox vətəndaşı ali təhsil alır. Universitet bir çox beynəlxalq layihədə uğurla təmsil olunur. Universitetin bakalavr və doktorantları öz təhsillərini müxtəlif ölkələrdə davam etdirirlər.
Paskal Obişer Naxçıvana ilk səfəri, buradakı yüksək təhsil infrastrukturu haqqında xoş təəssüratlarını bölüşmüş, Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin inkişafında elm və təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulamışdır. Diplomat İsveçrədəki təhsil sistemi haqqında geniş məlumat verərək bildirmişdir ki, İsveçrə universitetləri öz reytinqinə görə dünyanın ən qabaqcıl universitetləri sırasındadır. İsveçrə ali məktəblərinin Naxçıvan Dövlət Universiteti ilə də ən müxtəlif sahələr üzrə tərəfdaşlığı heç şübhəsiz səmərəli olacaqdır.
Gələcək tərəfdaşlıq məsələlərinin müzakirəsindən sonra tələbələrlə görüşən Paskal Obişer onların suallarını cavablandırmışdır.