MƏDƏNİYYƏT
İsveçrənin “GLİON” İnstitutunda təhsil alan azərbaycanlı tələbələr “Mədəniyyət yarmarkası”nda fəal iştirak etmişlər
![](/files/galleryphoto/2013/3/1200x630/14079269962372513575_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269964769913104_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269966301318185_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269963860511792_1200x630.jpg)
Bakı, 31 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyinin dəstəyi ilə “GLİON” İnstitutunda təhsil alan azərbaycanlı tələbələr sözügedən ali təhsil müəssisəsində ənənəvi təşkil olunan “Mədəniyyət yarmarkası”nda iştirak etmişlər.
Azərbaycanın İsveçrədəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, yarmarkanı səfir Əkrəm Zeynallı da ziyarət etmiş və orada azərbaycanlı tələbələrlə görüşmüşdür. Səfirliyin dəstəyi nəticəsində yarmarkada tələbələrin iştirakı ilə Azərbaycan mədəniyyətinin təqdimatı keçirilmişdir. Təqdimatda Azərbaycan milli musiqisi səsləndirilmiş, incəsənət, mədəniyyət, adət-ənənələrimiz barədə qonaqlara ətraflı məlumatlar verilmişdir. Qonaqlara, həmçinin milli mətbəximizin müxtəlif təamları təqdim olunmuşdur. Tədbirdə tələbələrimiz tərəfindən milli rəqslərimiz də nümayiş olunmuşdur. “Mədəniyyət yarmarkası”nın iştirakçıları Azərbaycana aid stenddə nümayiş olunan eksponatlara və məlumatlara böyük maraq göstərmişlər.
“GLİON” İnstitutunda tələbə mübadiləsi bölməsinin meneceri Mark Qordon Azərbaycan stendinə baxaraq, ənənəvi olaraq hər il keçirilən tədbirdə tələbələrin ölkəmizin mədəniyyətini fəal təqdim etdiklərini qeyd etmişdir.