İtaliyada Milli Birlik və Silahlı Qüvvələr Günü qeyd olunur
Roma, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də İtaliyada Milli Birlik və Silahlı Qüvvələr Günü qeyd edilir.
AZƏRTAC xəbər verir ki, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella paytaxt Romanın Venesiya meydanında naməlum əsgərin məzarını ziyarət edib, önünə əklil qoyub.
Sercio Mattarella bu il ölkədə dörd mühüm yubileyin - İtaliyanın birləşməsinin 160, paytaxt Romanın 150, naməlum əsgərin cənazəsinin dəf edilməsinin 100, respublikanın 75 illiyinin qeyd olunduğunu deyib. O bildirib ki, bütün İtaliya xalqı müharibə qurbanlarının xatirəsini ehtiramla yad edir.
İtaliyanın Baş naziri Mario Draqi isə deyib ki, xalq təhlükəsizliyə və azadlığa zəmanət verən hərbçilərə hörmətlə yanaşır.
Çoxlu sayda vətəndaşın iştirak etdiyi mərasimdə İtaliya Silahlı Qüvvələrinin milli akrobatika komandası Roma səmasında ənənə halını alan möhtəşəm uçuşlar nümayiş etdirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma