DÜNYA
İtaliyanın Baş naziri istefa verəcəyini elan edib
Roma, 26 yanvar, AZƏRTAC
İtaliyanın Baş naziri Cüzeppe Konte istefa verəcəyini elan edib.
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin iclasını keçirən C.Konte nazirləri özünün istefa planları barədə məlumatlandırıb. İclasdan sonra Prezident Sercio Mattarellanın qəbuluna yollanan C.Konte onunla görüşdə hazırki hökumətin buraxılmasından sonra daha geniş bazanı təmsil edən yeni hökumətin formalaşdırılması üçün mandat alacağına ümid edir.
“Beş ulduz hərəkatı”, Sosial-Demokratlar (“Partido Democratico/PD“) və solçuların “Liberi e Uguali” partiyaları C.Kontenin rəhbərliyi altında üçüncü hökumət qurmağa hazır olduqlarını elan ediblər. Mətbuatda da bir neçə gündən bəri 2018-ci ildən Baş nazir vəzifəsini tutan C. Kontenin istefa verərək, yeni mandat almaq niyyəti barədə xəbərlər dolaşmaqdadır.
Qeyd edək ki, C.Kontenin 2019-cu ilin sentyabrından rəhbərlik etdiyi koalisiyalı hökumət yanvarın 13-də “Viva İtalia” Partiyasının koalisiyanı tərk etməsindən sonra çətin vəziyyətə düşmüş və parlamentdə mütləq səs çoxluğunu itirmişdi. Parlamentdəki etimad votumları C.Kontenin xeyrinə başa çatsa da, o, hökuməti yenidən formalaşdırmaqla öz siyasi kursunu davam etdirməyi planlaşdırır.
C. Konte üçüncü dəfə koalisiyalı hökumət qurmağa nail ola bilməsə, o zaman daha məhdud proqrama malik vahid hökumətin yaradılması planı gündəmə gələ bilər. Belə olacağı təqdirdə, hökumətə Avropa Mərkəzi Bankının keçmiş rəhbəri Mario Draqi başçılıq edə bilər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma